"Türkiyə ilə Rusiya arasında baş verən siyasi gərginlikdən sonra Xəzər dənizi üzərindən Orta Asiya istiqamətində hərəkət edən türk yük maşınlarına endirim tətbiq olundu".

Bunu Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib.

"Əvvəllər bu rəqəm 2900-3300 dollar arası olub. Lakin ardından bu qiymət 1700 dollara kimi endirilib. Rusiya ilə baş verən son hadisələrdən sonra Xəzər dənizi bizim üçün daha strateji əhəmiyyət kəsb edir. Sözsüz ki, Orta Asiya istiqamətində yüklərin daşınmasında bu marşrutdan daha sıx istifadə olunacaq", - deyə M. Elitaş qeyd edib.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC martın 31-dən etibarən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə avtomobil daşımaları tariflərinə 20% endirim tətbiq edilir. Belə ki, 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1072 ABŞ dolları həcmindədir.

Əgər sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 2144 ABŞ dolları deyil, 1716 ABŞ dolları olacaq. Bu məbləğə sürücünün öz bileti də daxildir.

Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib (proporsional) qaydada hesablanacaq.

Xatırladırıq ki, bir neçə ay əvvəl, ötən ilin dekabrında Bakı-Aktau-Bakı xəttində də avtomobil daşımalarına 20%-ə qədər endirim tətbiq edilib./apa/