Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanıması barədə qanun layihəsinin müzakirəyə çıxarılmasından təşvişə düşmək üçün əsasın olmadığı haqqında açıqlamasını bölüşür və təqdir edir.

Bunu Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycan tərəfi danışıqlarda irəliləyiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnəcək substantiv danışıqlara və bu əsasda nəticəyönümlü görüşlərə hazır olduğunu həmişə bildirib.

Qoşunların təmas xətti boyunca atəşkəsin pozulmasından əziyyət çəkən bu əraziyə yaxın məskunlaşmış mülki Azərbaycan əhalisidir. Ermənistanın Azərbaycan əhalisinə qarşı apardığı etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdə təmas xəttinin Ermənistanın nəzarətində olan hissəsində mülki əhali yoxdur.

Atəşkəsin pozuntusunun qarşısının alınması və ya insidentlərin araşdırılması mexanizminin yaradılması Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır.

Münaqişənin həllinə dair yol xəritəsi məlumdur. Ermənistan özü də bunu çox yaxşı bilir ki, münaqişənin həlli prosesi çərçivəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

ATƏT-in MQ-nin həmsədrlərinin Ermənistan rəhbərliyini sülhə və konstruktiv əsasda danışıqlar prosesinə gətirməsinə ehtiyac vardır.