Məlum olduğu kimi, 2016-cı il 13 may tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə sudan xammal kimi istifadə edənlər üzrə su təchizatının tarifi istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) ƏDV ilə birlikdə 8 manat müəyyən edilmişdir.

Tarif Şurasından verilən məlumata görə: "Bəzi kütləvi informasiya vasitələrində 1 litr pivə istehsalı üçün 5 litr sudan istifadə olunduğu, nəticədə son tarif dəyişikliyindən sonra pivənin qiymətinin ciddi şəkildə artırılması zərurətinin yarandığına dair yer alan məlumatlarla bağlı bildiririk ki, tarif dəyişikliyi bu halda yarım litrlik pivənin qiymətinə təqribən 1 qəpik təsir edir. Kolalı içkilərdə isə bu göstərici orta hesabla 0,08 qəpik təşkil edir".

Ümumilikdə, "Azərsu" ASC-nin sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə su təchizatı xidmətinin (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarifi 1 litr su üzrə 0,8 qəpik təşkil etməklə yanaşı, son tarif dəyişikliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələrin təkrar və dövr edən su təchizatı sisteminə keçmələrini stimullaşdıracaqdır.

Göründüyü kimi, emal edilmiş sudan xammal kimi istifadə etməklə bir litr içkinin sənaye üsulu ilə istehsalının maya dəyərində suyun xüsusi çəkisi minimal səviyyədə olduğundan tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq dərəcədə aşağıdır./trend/