Regionda Qarabağ müharibəsinin yenidən başlayacağı təqdirdə Ermənistan təbii ki, işğal etdiyi bölgələri saxlamaq üçün əlində olan hər bir vasitədən istifadə etməyə çalışacaq. Bu məsələdə Ermənistan qədər erməni diaspor təşkilatları da mühüm rol oynayır.

Hazırda gördüyümüz kimi, Ermənistan Qarabağa xüsusi təlim keçmiş professional muzdlular, o cümlədən nizamsız da olsa, bölgənin hər bir qarışına yaxşı bələd olan köhnə döyüşçüləri toplayır.

Bununla yanaşı, ermənilər hazırda  dünyanın müxtəlif ölkələrində yerləşən diaspor təşkilatları vasitəsilə maliyyə vəsaitləri yığır və Qarabağdakı separatçı rejimin təchizat məsələsini həll etməyə çalışırlar.

Bu baxımdan, Ermənistan yalnız qanuni dövlət və təşkilatlarla deyil, qanunsuz bölgələrlə də Qarabağdakı rejimin koordinasiyasını təşkil edtməyə çalışır. Təbii ki, Rusiya vasitəsi ilə... Belə ki, Dnestryanı, Cənubi Osetiya və Abxaziya kimi separatçı bölgələr Ermənistan üçün olduqca vacib bir nöqtə rolunu oynayır. Nüvə, narkotik və silah qaçaqmalçılığı üçün qanunsuz bölgələrin hansı əhəmiyyətə malik olduğunu yaxşı bilirik.

Nəzərinizə çatdırım ki, Dnestryanı, Cənubi Osetiya və Abxaziya bölgələri Qarabağla qarşılıqlı şəkildə bir-birini tanıyır. İqtisadi-siyasi sahədə yaradılan qanunsuz əlaqələrlə yanaşı, bu bölgələr ehtimal edilən müharibə zamanı bir-birlərini insan resursu ilə təmin edəcəkləri barədəd razılaşmalar da aparııb.

Donbas müharibəsi nəticəsində Donetsk və Luqansk kimi qondarma qurumların formalaşdırılması, Qarabağda yerləşən seperatçı qrumun tezliklə yeni qanunsuz rejimlərlə əlaqələr yaratması onların birgə, vahid koordinasiyada hərəkət etməsinin göstəricisidir.

Qayıdaq bir qədər əvvələ... 2015-ci il noyabr ayında rusiyalı blogger, hərbi müxbir Ukraynanın Şərqindəki rusiyameylli separatçılara dəstək verən Aleksandr Juçkovski öz Facebook səhifəsində Suriya döyüşlərində iştirak etmək üçün artıq Donbas (Donetsk və Luqansk) yaraqlıları arasında təbliğat aparıldığını, o cümlədən Əsəd qüvvələrinin tərəfində döyüşmək üçün 700-ə yaxın döyüşçünün göndərildiyini bildirirdi.



Juçkovski onu da bildirirdi ki, Rusiya xüsusi xidmət orqanları təkcə Suriyada döyüşmək üçün yox, Tacikistan və hərbi əməliyyatların istənilən vaxt başlaya biləcəyi Qarabağda da döyüşmək üçün könüllülər yığır.

“Doğrudur, mən kimisə ora göndərdikləri haqda heç nə bilmirəm, ancaq bu haqda söhbətlər gedir. Ola bilsin gələcəyə hazırlıq görürlər. Əgər qlobal çaxnaşma ssenarisi varsa və Rusiyaya hər tərəfdən od vurmaq istəyirlərsə, o zaman Tacikistan və Qarabağ münaqişəsi də alovlana bilər. O cümlədən Dnestryanı bölgə, Baltikyanı, Şimali Qafqaz” – deyə o, bildirib.  https://www.facebook.com/juchkovsky/posts/971450222893843

Xatırladım ki, bu məlumat Qarabağda başlayan aprel əməliyyatlarından beş ay öncə üzə çıxıb. Seperatçıların Suriyaya göndərilməsi, o cümlədən Qarabağda ehtimal olunan döyüşlərə hazırlıq aparılması, 2015-ci il noyabr ayının əvvəllərində Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı ortaya çıxıb.

Belə ki, Qərbin İran üzərindəki siyasətini yumuşaltmasından sonra, Serj Sarkisyan Gürcüstana səfər edərək, İran qazının və neftini Ermənistandan keçirməklə Gürcüstana və təbii ki, oradan da Qara dənizə çatdırılması ilə bağlı təkliflər irəli sürdü. İran neft və qazının Ermənistandan keçərək Gürcüstan vasitəsilə Qara dənizə çıxarılması Ermənistanı iqtisadi blokadadan çıxarmaqla yanaşı, onu mühüm tranzit ölkəsinə çevirər və nəticədə Rusiyadan asılılığının azalmasına gətirib çıxara bilərdi.

Lakin, regionda İranın timsalında Rusiya üçün yeni bir rəqibin yaranması birbaşa olaraq Kremlin maraqlarına zidd olduğundan Moskva bu məsələyə müsbət yanaşmadı.

Məhz Ermənistanın bu şəkildə müstəqil hərəkət etməsi Sergey Lavrovun İrəvana səfərinin təsadüfi olmadığını ortaya qoyurdu. Səfər zamanı Rusiyanın Ermənistana Qarabağ məsələsindən istifadə edərək təzyiqlər göstərəcəyi düşünülürdü.

Təsadüfi deyil ki, beş ay öncə analitik Lragir portalı bu barədə yazırdı: “Bu günlərdə Kremlyönümlü ekspertlər yenidən Qarabağ məsələsindən - ərazilərin qaytarılmasından, sülhməramlıların yerləşdirilməsindən, erməni tərəfinin güzəştlərə məcbur edilməsindən danışmağa başlayıblar. Amma görünür, bu məsələdə ciddi maneələr var ki, məsələləri müzakirə etməyə Lavrov gəlir”.



Həmin ərəfədə bir sıra politoloq və rus hərbi eksertlər, Moskvanın bu sərtliyinin arxasında Ermənistana sadəcə təzyiq məqsədinin dayandığını bildirdi. Bununla yanaşı, Aleksandr Juçkovskinin Donbasdakı döyüşçülərə Rusiyanın maraqlarını qorumaq üçün Qarabağa getməyin təklif edilməsi haqqında məlumatlarına barmaqarası baxmaq lazım deyildi. “Deyirlər, orada vəziyyət mürəkkəbləşir və istənilən an gərginləşmə başlaya bilər” – deyə o, bildirirdi.

Segey Lavrovun Ermənistana səfəri çərçivəsində Qarabağla bağlı hər hansısa təzyiqlər göstərməsi və Donbasdan döyüşçülərin Qarabağa göndərilməsi üçün hazırlıqların aparılması Moskvanın Azərbaycanla hansı ikibaşlı siyasət aparmasını açıq şəkildə göstərir.

Bütün bu əlaqələr yuxarıda qeyd edildiyi kimi, Ermənistanın Rusiya vasitəsilə qanunsuz bölgələrdən Qarabağa insan resurslarının cəlb ediləcəyini təsdiq edir. Beş ay öncə aparılan hazırlıqların “iyi” isə dünən ortaya çıxdı. Belə ki, Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun rəhbəri Dmitri Tımçuk özünün Facebook səhifəsində 300-ə yaxın Donbas separatçısının Qarabağa göndərilmək üçün hazırda QRU-nun bazasında təlim keçdiyi haqqında sensasion məlumat verdi.

Deputatın məlumatına görə, Donetsk vilayətinin Xartsızk qəsəbəsindən Rusiya silahlı qüvvələrinin Sankt-Peterburq yaxınlığındakı bazasına Donbas sakinlərindən ibarət 300-ə yaxın yaraqlı göndərilib. Həmin yaraqlıların öncə qondarma “Donetsk Xalq Resublikasının” 1-ci “ordu korpusunda” xidmət etdiyi bildirilib. Onlar əsasən atıcılardan və minaaxtaranlardan ibarətdir.

Burada Juçkovskinin Suriya ilə bağlı aparılan hazırlığı hansı şəkildə sistemləşdirməsini xatırlamağa dəyər: “Dəqiq görünür ki, könüllülərin toplanması təşkilatlanmış və mərkəzləşmiş şəkildə, xüsusi xidmət orqanlarının xətti ilə aparılır. Kuratorlar, silahlı bölmələrə gedib komandirlər və döyüşçülərlə söhbət aparan təbliğatçılar var. Onları Suriyaya getməyə inandırmaq üçün Rusiya vətəndaşlığı, yaxşı maaş vəd edirlər. Əmin edirlər ki, Donbasda müharibə bitib, indi Rusiyanın maraqları uğrunda Suriyada döyüşmək lazımdır”.

İndi isə Donbas və Suriyada müharibənin səngidiyi vaxtda Rusiyanın maraqları uğrunda Qarabağda döyüşmək üçün düyüşçülər yığılır. Aparılan hazırlıq tədbirlərinin xüsusi xidmət orqanları, əsasən də Baş Kəşfiyyat İdarəsi tərəfindən sistemləşdirilməsini Timçuk da bildirir. Burada Suriyadan sonra Qarabağa göndərilən döyüşçülərin artıq təbilğati mərhələni keçməsi və aktiv hərbi əməliyyatlara hazırlaşması göstərilir.

“Yaraqlılar Rusiya ordusunun kamuflyajını geyiniblər, onların hərbi formasının üzərində salat və tünd-qırmızı rəngli iki lent olan tünd-göy bayraq təsvir olunub. Yaraqlıların içərisindən verilən məlumata görə bu qrup QRU-nun Rusiya ərazisindəki bazasında özəl hərbi  şirkətin "patronajlığı” altında təlim keçir. Təlimlərdən sonra Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak edəcəklər” – deyə Dmitri Tımçuk bildirib. 



Deputata görə, həmin qrupu Donbasdan Rusiyaya üzərində “55” və “23” taktiki işarələri olan “Ural” avtomobilləri ilə aparıblar. Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyorunun aprelin 2-dən 5-nə qədər ermənilərin nəzarətində olan ərazilərdən reportajlar hazırlaması və Qarabağa Donbasdan döyüşçülərin göndərilməsini nəzərə alsaq, dümşənin separtçı qurumlarla həm hərbi, həm də informasiya sahəsində yaxşı təşkilatlanmasını görərik.

Vacib, lakin yaddan çıxarılan məqamlardan biri də bu ayın əvvəllərində Rusiya xüsusi xidmət orqanı - Federal Təhlükəsizlik Xidmətinin agenti, Krımın Rusiyaya ilhaq edilməsində aktiv rol oynayan Armen Martoyanın Qarabağa səfər etməsidir.

Səfər çərçivəsində Martoyan Krım erməniləri adından Qarabağ separatçılarına 1,5 milyon rubl pul və 2 avtomobil hədiyyə edib. Martoyanla gələn qrupda (təxminən 4 nəfər) Hovesp Minasyan və Robert Tanoyan adlı şəxslər də olub. https://www.youtube.com/watch?v=Drl9aJS3Ido

Araşdırmalara görə, agent Martoyan Donetsk vilayətinin Qorlivka şəhərində qanunsuz silahlı qrupların təşkil edilməsi və rəhbərliyində xüsusi iştirak edib. O, 18 sentyabr 1967-ci ildə Ermənistanın SSR-in Ani rayonunun (indi Şirak vilayətinin bir hissəsidir) Mustuqlu (Lançik) kəndində anadan olub.

Martoyan 1988-ci ildə Volqoqrad vilayətinin Kamışin şəhərində hərbi komandirlik məktəbindən (diplom seriyası PB №629122, bina və qurğuların tikintisi, o cümlədən istismarı üzrə mühəndis) məzun olub. Hərbi xidmət müddətində və sonra da boksla məşğul olan Martoyan Ukraynada müharibə başlayana qədər özünü biznesmen kimi təqdim edib.



Məlumatlara görə, o, Krımın Beloqorsk rayonunda ayaqqabı təmiri, ticarətçi, restoranların sahibi kimi fiziki-sahibkar şəxs qismində qeydiyyatdan keçib. Ukraynada təxribatların başlamasının ardınca, ətrafındakıları Krımın “özünümüdafiəsi”nə çağırıb və 2007-ci ildə maskalanmaq üçün formalaşdırdığı biznesini tərk edib.

Şəbəkə vasitəsilə Simferopol bazarında pərakəndə şəkildə olan icarə reklamlarında onunla əlaqə nömrəsi də əldə etmək mümkündür. Ukrayna mənbələrində Martoyanın sahibi olduğu “Fortuna” adlı böyük restoranı satması haqqında məlumatlar da var.

Mənbələr Armen Martoyanın Krımın ilhaqından öncə Rusiya xüsusi xidmət orqanlarına birbaşa cəlb edildiyini göstərir. Yarımadada Samvel haqqında inanılmaz şayiələr gəzir. Lakin Ukrayna jurnalistləri “Qroşі” (telekanalın xüsusi “1 + 1” layihəsi) layihəsi ilə Armen Hamletoviç Martoyanın öz adından imtina edərək “Samvel” kod adı altında gizənməsi haqqında məlumatlar ortaya çıxarıb. Araşdırmalara görə, Martoyan Armen Hamletoviçin rəsmi şəxsiyyəti KRU 025, şəxsi nömrəsi isə 180967 olub.

O, bir sıra görüntülərdə özünü qondarma Krımın özünümüdafiə dəstələrinin 4-cü alayının komandiri kimi təqdim edir və Simferpolda Leninin abidəsini hansı şəkildə qorunmasından danışırdı.

Krasnodarın Kazak Federasiya Birliyinin regional bürosunun saytında onun polkovnik olması haqqında yazılır. Fotoların birində Armen Martoyan polkovnik rütbəsi ilə görüntülənib. Belə ki, bu barədə məlumat Kazak Federasiya Birliyinin saytında yerləşdirilib. Məlumat üçün bildirim ki, bu təşkilatın əsasını ehtiyatda olan zabitlər təşkil edir.

14 sentyabr 2014-cü ildə Martoyan “Vahid Rusiya” siyasi partiyasının Krım regional şöbəsi tərəfindən “Krım Respublikasının Dövlət Şurası”na seçilmək üçün namizəd kimi irəli sürülüb. Agentin, 26 aprel 1969-cu il təvəllüdlü Manvel adlı kiçik bir qardaşı da var.

Araşdırmalara görə, Manvel Martoyan 1976-1986-cı illərdə V. Teryan adına 5 nömrəli orta məktəbi bitirib. http://ok.ru/profile/313101015009

Rəhbər: Levon Baroyan direktor
Ünvan: Ermənistan, Vanadzor,. Tiqran Mets küçəsi 2-ci dalan 
Telefon / Faks: +374 (93) 69-77-96



Araşdırmalar zamanı onun haqqında olduqca maraqlı bir məlumata da rast gəldim. Belə ki, Manvel vkontakt səhifəsində http://vk.com/id120895260 xidmət etdiyi hərbi hissəni bu şəkildə göstərib: “ПВ КГБ СССР В/Ч 2386 КЗакПО, Азербайджан”

Xatırladaq ki, Armen Martoyan 2014-cü ildə Ukraynada baş verən hadisələr zamanı tanınıb. Belə ki, Martoyan “xalq drujinası”nın üzvü kimi Simferpol aeroportunda milyonçu Gennadi Balaşovu, Ali Radanın Odessadan olan deputatı Aleksey Qonçarenkonu və deputat Oleq Lyaşkonu kameralar qarşısında döymüşdü. Onun cinayət aktlarının siyahısında jurnalistlərin döyülməsi və oğurlanması da yer alıb. Xüsusilə, xarici reportyor Osman Paşayev həmkarları ilə bu gərginliyin son qurbanı olub.

Araşdırmalara görə, Martoyanın dəstəsi “Qoblin” ləqəbli kriminal avtoritetin (“baş nazir” Sergey Aksyonov) rəhbərlik etdiyi Krımın qondarma orqanlarından maliyyələşir. Bir vaxtlar jurnalistlərin döyülməsi və adam oğurluğu barədə sifarişlər alan 47 yaşlı Martoyan hazırda Krımda “Kazak Federasiya Birliyi” rəhbərinin müavinidir.

Qarabağ müharibəsinin birinci mərhələsində, Abxaziyadan erməni döyüşçülərinin qarşılıqlı şəkildə hər iki bölgədə iştirakını və Cənubi Osetiyadan Qarabağa bir qrup osetin döyüşçüsünün gələrək ölkəmizə qarşı döyüşməsini nəzərə alsaq, qarşımızda Dnestryanı, Donetsk, Luqansk, Cənubi Osetiya, Abxaziya, o cümlədən Krımda  təşkil edilən, eyni zamanda kazakların da təmsil olunduğu konfedrativ batalyonu gördükdə təəccüblənməməlik.

Şahin Qocayev

/modern/