Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Əl-Ərəbi ilə görüşündə qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Misirdəki səfirinin, həmçinin Ərəb Dövlətləri Liqasının yanında müşahidəçi təyin olunduğunu bildirən T.Rzayev Azərbaycan ilə bu qurum arasında əməkdaşlıq əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan tərəfindən təqdim olunan və 2014-cü ildə Ər-Riyad şəhərində imzalanan Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun yaradılması təşəbbüsünə verdiyi dəstəyə görə baş katibə təşəkkürünü bildirib.

Baş katib Ərəb Dövlətləri Liqası və Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, qurumun Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. O, hələ 1996-1997-cü illərdə Misirin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü dövründə Şuraya sədrlik etdiyi vaxtlarda ulu öndər Heydər Əliyevin Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələri ilə iclasını təşkil etdiyini və həmin görüşün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Baş katib Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Səfir T.Rzayev baş katib N.Əl-Ərəbinin göstərdiyi dəstəyə və diqqətə görə təşəkkürünü bildirib, Prezident İlham Əliyevin salamlarını ona çatdırıb. Diplomat Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi nəzərdə tutulan Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun gündəliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəndə BMT Təhlükəsizlik Şurasının qətnamələri və İslam Əməkdaşlıq Təşkilatının məlum qərarları əsasında bəzi əlavələrin olunmasını təklif edib.

Baş katib onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. O, sözügedən təklifə Ərəb Dövlətləri Liqası çərçivəsində baxılacağını və lazımi dəstək veriləcəyini qeyd edib. Həmçinin bildirib ki, Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun bu ilin sonunda Düşənbədə keçirilməsi nəzərdə tutulsa da, Tacikistan tərəfinin xahişi nəzərə alınaraq tədbir gələn ilə keçirilib.

Görüşdə Ərəb Dövlətləri Liqasının siyasi əlaqələr şöbəsinin müdiri Muhyiddin İbrahim və səfirliyin üçüncü katibi E.Rəhimov da iştirak ediblər.