Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi may ayının 1-nə 81,7 faiz təşkil edib.

Keçən ay bu göstərici 80,8 faiz olub. İlin əvvəli əmanətlərdə dollarlaşma 85 faiz, keçən ilin analoji dövründə isə 70,9 faiz təşkil edib.

Cəmi depozit bazasında may ayının 1-nə dollarlaşma dərəcəsi 80,8 faiz olub. Keçən ay bu göstərici 81 faiz, ilin əvvəli 81,6 faiz təşkil edib. Keçən ilin analoji dövrü isə 73,4 faiz olub.

Kreditlərin strukturunda may ayının 1-nə dollarlaşma dərəcəsi 48,2% təşkil edib. Aprelin 1-nə bu göstərici 49 faiz, ilin əvvəli isə 49,4 faiz olub. Keçən ilin analoji dövründə kreditləşmədə dollarlaşma dərəcəsi 41,6 faiz təşkil edib.

Ümumiyyətlə, kreditlərin strukturunda dollarlaşma dərəcəsinin keçən ilin analoji dövrü ilə müqayisədə artması devalvasiya nəticəsində xarici valyutada kreditlərin dəyərinin manat ekvivalentində artması ilə izah olunur.

İlin əvvəli ilə müqayisədə isə dollarlaşmanın tədricən azalması "üzən məzənnə" səbəbindən xarici valyutada kreditlərin mümkün qədər tez bağlanması istəyindən irəli gəlir./modern/