Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsininin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı başa çatıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Qloballaşan dünyada insanların gücü" mövzusuna həsr edilmiş bağlanış mərasimində Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Andorra parlamentinin vitse-prezidenti Monika Bonell, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış ediblər.

Xanım V.Vike-Freyberqa çıxışında təşkilatçılara dərin təşəkkürünü bildirərək tədbir çərçivəsində müzakirə olunan mövzular, aparılan müzakirələr də daxil olmaqla, qarşılıqlı anlaşma şəraitində keçən toplantının əhəmiyyətini vurğulayıb. M.Bonell isə son illərdə qüvvələr balansında baş verən dəyişikliklərədn, texnoloji inkişafdan söhbət açıb.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədov toplantıda aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb və gələcəkdə bu müzakirələrin müsbət nəticə verəcəyinə ümid etdiyini söyləyib: "Biz öz mövqelərimizi, ideyalarımızı nümayiş etdirməliyik. Toplantıdakı hər bir şəxs baş verən proseslərlə bağlı öz fikirlərini bildiirb. Bunlar olduqca vacibdir".

Qloballaşma, demokratik institutların rolu, 21-ci əsrdə iqtisadi vəziyyət, texnoloji inqilab və bu kimi məsələlərin müzakirə olunduğu toplantının böyük əhəmiyyətə malik olduğunu söyləyən İ.Seragəldin fikirlərini belə yekunlaşdırıb: "Gələcək müəyyən edilmir, gələcək qurulur. Əgər biz deyiliksə, kim və əgər indi yox isə nə zaman?"

Beləliklə, iki gün davam edən toplantı işini yekunlaşdırıb.