Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisini izləmək üçün 42 ölkədən bilet alınıb.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, "Formula 1" yarışlarını izləmək üçün xarici ölkələr arasında daha çox Rusiyadan bilet alınıb: "Rusiyadan yarışı izləmək üçün təxminən 3000 nəfərə yaxın insan gəlib. Rusiyalılardan sonra daha çox bilet alan Böyük Britaniya, Avropa və ərəb ölkələrinin vətəndaşlarıdır. Lakin ümumilikdə Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edir. Bu da təbiidir, çünki onlar Formula 1-in fanatlarıdırlar. Ona görə də Avropa ölkələrindən daha çox qonaq gəlib”.

N.Arpadarai deyib ki, yarışlar kifayət qədər maraqlı keçir.

N.Arpadarai axşam saatlarında sabahkı yarışın sıralamasının məlum olacağını söyləyib.

O, yarışın dünənki və bugünkü izləyicilərinin dəqiq sayını açıqlamayıb: “Çünki yarışı həm canlı olaraq, həm də televizordan izləyirlər. Bir məsələ nəzərə alınmalıdır ki, hər saatdan bir yarış keçirilir. Gün ərzində GP2 seriyası üzrə iki yürüş, eləcə də Formula 1-in iki yürüşü keçirilir. Trasda, demək olar, hər zaman yarış var. Ona görə də insanlar bir az yarışı izləyib, sonra dincəlməyə gedir, “Formula 1” şəhərciyində gəzir, istədikləri vaxt da geri qayıdırlar. Bu baxımdan izləyicilərin sayını konkret rəqəmlərlə söyləmək çətindir. Amma dünən axşam konsert səhnəsinin qarşısında kifayət qədər insan var idi”.