İyulun 27-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə (KHTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) şagird qəbulu üzrə müsabiqənin 3-cü turu çərçivəsində test imtahanlarına start verilib.

SOCAR-dan Trend-ə daxil olan məlumatda belə deyilir.

KHTM və QRTM-ə avtomobil təmiri çilingəri, defektoskopçu, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, plastmas qaynaqçısı, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qaz qaynaqçısı, qazla kəsən, təmirçi çilingər peşələri üzrə sənəd qəbulu iyulun 1-də başlanılıb, müraciət etmiş 1253 iddiaçıdan 1129 nəfəri müsabiqənin ikinci mərhələsinə buraxılıb, onlardan 575 nəfəri isə test imtahanında iştirak etmək hüququ qazanıb.

Müsabiqə nəticəsində təhsil almaq hüququ əldə edəcək namizədlərin 1 il (bəzi ixtisaslar üzrə 6 ay) ərzində müvafiq peşə üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi nəzərdə tutulub.

2016-2017-ci tədris ili üçün KHTM və QRTM-yə 159 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Test imtahanları iyulun 29-da başa çatacaq.