Türk ordusunun Rakkanı İŞİD terrorçularından təmizləmək planı üzərində işlədiyi barədə məlumatlar yayılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, "Fərat qalxanı" əməliyyatına dəstək üçün türk ordusunun mexanizə piyada birlikləri Suriyaya girəcək. Afrin və PYD terror təşkilatının nəzarətində olan Membic arasındakı Əl-Bab məntəqəsini İŞİD terrorçularından təmizləmək üçün türk komandanlığı yeni plan hazırlayır. İŞİD və kürd terrorçularından təmizlənmiş ərazilərdə mövqe qurmaq və möhkəmlənmək üçün Türkiyə ordusu bölgəyə yeni piyada qüvvələri cəlb edəcək.

Türkiyənin əraziyə yeni qüvvələr yığması və Rakka şəhərinə yaxınlaşması onu göstərir ki, türk ordusu İŞİD paytaxtını da terrorçulardan təmizləyəcək. Bununla bağlı hərbi mənbələrdən məlumat sızıb.

Türkiyənin Suriyada apardığı əməliyyatlar və Rakkaya hücum edəcəyi ilə bağlı yayılan xəbərlərə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-da münasibət bildirib:

"Türkiyənin son bəyanatları onu deməyə əsas verir ki, harada olur olsun Türkiyə silahlı qüvvələri əməliyyatlarını davam etdirəcək. Böyük ehtimalla İŞİD-in paytaxtı sayılan Rakka şəhərinə də türk ordusu mütləq mənada daxil olacaq. Əgər Türkiyə Rakka şəhərinə girməsə, İŞİD yenə öz fəaliyyətinə davam edəcək, regiona, Türkiyəyə problemlər yaradacaq. Rakka şəhəri hazırda İŞİD-in təlim bazası rolunu oynayır. Orada terrorçu qruplar hazırlanır və Suriya şəhərlərinə, bölgənin digər ölkələrinə yönləndirilir. Ona görə də, Türkiyə ciddi şəkildə Rakka şəhərinə girməyi planlaşdırmalıdır.

Türkiyə tərəfi əməliyyatlarla yanaşı digər məsələləri də düşünür. BMT Baş Assambleyasında Ərdoğan çıxışında faktiki olaraq bu əməliyyatlara görə dəstək istədi. Bundan sonra Türkiyənin aparacağı işlərdə Türkiyəyə bütün dövlətlər təkcə sözdə yox, əməldə də dəstək olmalıdır. Türkiyədə baş verən son hadisələr zamanı NATO-nun dəstəyi olmadır. Rusiya bundan yararlandı və NATO-nu gözdən salmaq üçün iş apardı. Bunun nəticəsində NATO ilə Türkiyənin münasibətlərində soyuqluq yarandı. Ərdoğanın çıxışından da belə göründü ki, istənilən halda Türkiyə Rakka şəhərinə girməlidir və girəcək də. Türkiyənin başqa yolu yoxdur. Türk ordusunun uğuru elə-belə başa gəlməyib, kifayət qədər əziyyət çəkilib, itkilər verilib və maliyyə xərclənib. Türkiyə Rakkaya girməsə bu günə qədər çəkdiyi əziyyət boşa getmiş olacaq. Türkiyə yaxın zamanlarda Rakkaya girməyə qərar verəcək, ancaq türk ordusu son dərəcə diqqətli olmalıdır. Rakka elə bir yerdir ki, orada Türkiyənin itkiləri mütləq olacaq, ancaq çalışmaq lazımdır ki, bu itkilər minimum olsun. Bunu Türkiyənin siyasi və hərbi rəhbərliyi də başa düşür. Rakka elə bir yerdir ki, faktiki olaraq bütün şəhər silahlılarla doludur. Təsadüfi deyil ki, Rakka İŞİD-in paytaxtı hesab olunur. Yaxın zamanlarda türk ordusu Rakkaya girəcək, silahlı qüvvələr buna hazırlıq görür.

Böyük ehtimalla Rakkaya hücum zamanı xüsusi təyinatlıların üzərinə böyük məsuliyyət düşəcək. Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar zamanı xüsusi təyinatlılar böyük uğur əldə etdilər".

Qeyd edək ki, türk ordusunun nəzarəti ələ keçirdiyi Əl-Bab şəhəri İŞİD-in paytaxtı Rakka yolu üzərində çox strateji mövqedə yerləşir. Əl-Babla Rakka arasında isə cəmi 90 kilometrlik məsafə var.