Ermənistan ordusunun hərbi paradda “İsgəndər” raketlərini nümayiş etdirməsi Azərbaycana mesajdır.

 

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.

 

Onun sözlərinə görə, verilən birinci mesaj Ermənistanı qorumaqdan ibarətdir:

 

“İkinci mesaj isə odur ki, həmin silahlar yalnız Ermənistanı deyil, Dağlıq Qarabağı qorumaq üçün nəzərdə tutulub. Ancaq bu raketlərin separatçıların əlinə keçmə ehtimalı Rusiyanı narahat etmir. Əks halda, rusiyalı rəsmilər Ermənistana verilən silahların Dağlıq Qarabağda yerləşdirilməyəcəyinə dair açıqlamalar səsləndirərdilər”.

 

Politoloq hazırda gündəmi zəbt edən əsas suala - İrəvanda nümayiş etdirilən modern “İsgəndər”lərin Rusiyanın hərbi bazasındakı özəl mülkiyyətinin olması, yoxsa həqiqətən Ermənistana məxsusluğuna da aydınlıq gətirib:

 

“Rusiya bu silahı hər dövlətə satmır. Səudiyyə bu raketləri almaq üçün Moskvaya müraciət etsə də, rədd cavabı aldı. Moskva varlı Səudiyyənin əvəzinə həmin raketləri kasıb Ermənistana göndərdi. Görəsən, rəsmi Bakı müraciət etsə, Rusiya bu raketləri Azərbaycana da satarmı? Bu sual da açıq qalır. Sözdə Kreml Azərbaycanı strateji tərəfdaş adlandırır və bölgədə hərbi balansın pozulmasını istəmir. Ancaq “İsgəndər” raketlərinin ancaq bir dövlətə məxsus olması hərbi balansı pozur. Rusiya üçün hazırda əsas olan Ermənistanın Azərbaycandan zəif olmamasıdır”.

 

Politoloqun fikrincə, Ermənistan hakimiyyətinin həmin şəkilləri qəsdən yayması Azərbaycan cəmiyyətində narahatlıq yaratmağa hesablanıb:

 

“Ona görə də Rusiya XİN və ya Müdafiə Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir. Hələ ki, susurlar. Zənnimcə, raketlər Rusiyaya məxsus olsaydı, Ermənistanın “İsgəndər”ləri özününkü kimi nümayiş etdirməsi Moskva tərəfindən təkzib olunardı. Təkzib yoxdursa və ya susqunluq nümayiş etdirilirsə, deməli, bu raketlərin Ermənistana məxsusluğu və ya Ermənistanın maraqları üçün istifadə oluna biləcəyi faktı ortaya qoyulur. Bu isə o deməkdir ki, həmin silahlar çox rahatlıqla Dağlıq Qarabağda və digər işğal altındakı ərazilərimizdə peyda ola bilər. Bu faktor Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir. Rəsmi Bakı hər zaman çalışacaq ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə olsun. Ermənistan Rusiyadan silah alsa da, bu ölkənin başqa növ silahlara da ehtiyacı var. Bu isə İrəvanın problemlərini artıracaq”.

 

Siyasi şərhçinin sözlərinə görə, Rusiya Ermənistana modern silahlar bağışlamaqla və sentyabrın sonunda Dağlıq Qarabağ separatçılarının iştirakı ilə Moskvada konfransda iştiraka şərait yaratmaqla vasitəçi statusuna kölgə salır:

 

“Aydındır ki, belə bir şəraitdə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcək. Putinin “biz münaqişənin həllində heç bir tərəfin qalib və məğlub olmasını istəmirik” sözləri də bundan xəbər verir. Azərbaycan prezidenti Konstitusiya dəyişikliklərindən sonra daxildə mövqelərini daha da gücləndirəcək. Bu isə dövlət başçısına Dağlıq Qarabağ istiqamətində daha strateji addımlar atmağa imkan verəcək”.