“Biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Çünki insanlar üçün seçim olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin, amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Dövlət başçısı bildirib ki, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər:

“Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir. Bu məsələlər çox operativ şəkildə həll edilməlidir.

Görəndə ki, biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin edirik, dərhal o məhsula rüsum qalxmalıdır. Nəinki bu sahədə, bütün sahələrdə çox operativ, çevik siyasət aparılmalıdır. Bəzi hallarda bürokratik əngəllər bizə böyük problemlər yaradır.

Bir məsələ haradasa aylarla razılaşdırılır, rəylər yığılır, vaxt itiririk. Müasir iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir. Çox operativ iş prinsipi qurulmalıdır və qərarlar da əgər düzgün qərarlardırsa dərhal qəbul edilməlidir”./apa/