Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsi intihar edən tələbə ilə bağlı məlumat yayıb.

BANM-ın şöbə rəisi Zeynab Kazımovanın Modern.az-a bildirdiyinə görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.

“Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir”.

BANM-ın rəsmi məlumatına deyilir ki, son vaxtlar adı çəkilən  tələbə özünə qapanmışdı, son bir ayda dərslərdə iştirak etmədiyindən, ali məktəbin müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar.

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı veriblər.