Dünya Azərbaycanlıları Konqresi (DAK) Sədri Dr. Asif KURBAN 18 Oktyabr Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar bəyanat yaydı. 

Bəyanatda deyilir:

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il ötür.

18 oktyabr Azərbaycanın tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi.

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi. Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə bir hadisə deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. 1918-1920-ci illərdəki Azərbaycan  Xalq Cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.

71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha fəal və bariz şəkildə özünü göstərirdi.

Müstəqilliyimizi qeyd etdiyimiz bu günlərdə çox təəssuf ki, torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal altındadır. Azərbaycan torpaqlarının işğal altında qalması ilə barışmayacaq və öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir.

Bütün Azərbaycan xalqını 18 Oktyabr Müstəqillik Günü münasibəti ilə təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi olmasını diləyirik.

YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI