İsmayıllı rayonunda qətl hadisəsi törədən 64 yaşlı kənd sakini Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ötən ilin martın 25-də İsmayıllı rayonunun Qurban Əfəndi kəndində Məhəmməd Əhmədov həmkəndlisi 62 yaşlı Allahverdi Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Əhmədovanı güllələyərək öldürüb.
 
Məlum olub ki, Məhəmməd Əhmədov qətli əvvəldən planlaşdırıbmış. O, hətta cinayəti törətməmişdən qabaq məktub da yazıb. Həmin məktub 28 səhifədən ibarətdir.
 
Məktubda Məhəmməd Əhmədov iddia edir ki, həyat yoldaşı Bahar Əhmədova ilə qonşusu Allahverdi Rəhimov arasında sevgi münasibətləri olub. Hətta bu barədə dəfələrlə ona deyiblər. Bir neçə dəfə qonşu qadınlar Bahar Əhmədova ilə dalaşan zaman onu ərinə xəyanət etməkdə günahlandırıblar. Məhz belə hallar Məhəmməd Əhmədova olduqca pis təsir edib.
 
Bu səbəbdən o, plan qurub. Hətta cinayətdə istifadə etdiyi ov tüfəngini kustar üsulla düzəldib. O, silahın lüləsini kəsib.
 
Məhəmməd Əhmədov məktubunda uzun zamandır qısqanclıq hissi keçirdiyini yazıb. Lakin gənclik illərində əsəblərini cilovlamasının səbəblərini də açıqlayıb. Övladlarını böyütmək və onları evləndirmək üçün ata həyat yoldaşının "şıltaqlıqlar"ına dözməli olub. Məhəmməd Əhmədov həmçinin məktubunda kiçik oğlundan üzrxahlıq edib ki, onu evləndirə bilməyib.
 
Qeyd edək ki, Məhəmməd Əhmədov kənddə ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına gəlib. Silahı çəkib və “Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir” - deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.
 
Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat yoldaşı Bahar Əhmədovanı da güllələyib. Hadisəni törədən Məhəmməd Əhmədovun halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Xəstəxanada müalicə alan Məhəmməd Əhmədovun barəsində sonradan cinayət işi başlanıb və o, həbs edilib.
 
Məhəmməd Əhmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib.
 
Məhəmməd Əhmədovun cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Elxan Süıeymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə Məhəmməd Əhmədov 20 il müddətinə azadlıqdan məhrum edilib./teleqraf/