Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Yusif Əzizov bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək üçün dostunun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat pul verib:

"Dostum dedi ki, oğlum da Maşallah Əhmədovun yanında işləyir. Görüşdük, dedi 15 min manat pul versən, oğlunu şirkətlərdən birinə işə düzəldərəm. Maşallah dedi ki, oğlunu da göndərəcəyik xaricdə oxusun. Mən də pulu verdim. Neçə il keçdi, iş düzəlmədi, pulu da qaytarmadı. Mən dəfələrlə ona demişəm ki, gəl məsələni polis səviyyəsinə qaldırmayaq.

Bundan əlavə, mənə başqa işlərlə bağlı da söz verdi, amma etmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı qaytarmadı".

M.Əhmədov isə deyib ki, həmin adamla İrana gedib tikinti daşları gətiriblər: "Bu adam bilmirdi ki, o daş İranda neçəyədir, Bakıda neçəyə satılır? Daş biznesində onun təcrübəsi yox idi. Daşları mən satırdım. Sonra dedi ki, sən məni aldadırsan. Mən də dedim get özün sat. Neçə ay keçdi, sata bilmədi. Heç bir şeyi düz danışmadı".

Prosesdə ifadə verən Y.Əzizovun oğlu Nizami Əzizov da atasının dediyi fikirləri təsdiq edib.

Sonra prosesdə ifadə verən şahid Qaçay Əliyev M.Əhmədovun Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə pul aldığını təsdiq edib. Proses noyabrın 1-də davam etdiriləcək.

Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib.