Ötən həftə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edilən azərbaycanlı fəallar Rəsul Rəzəvi və Murtaza Muradpurun görüş və telefon əlaqələrinə qoyulan qadağa davam edir.

Fərdin Muradpur noyabrın 12-də qardaşı Murtaza ilə görüşmək üçün Rəcayişəhr həbsxanasına müraciət edib, lakin bütün səylərə baxmayaraq onunla görüşməyə müvəffəq olmayıb.

“Müxtəlif orqanlara müraciət etdikdən sonra, qardaşımın R.Rəzəvi ilə birlikdə Rəcayişəhr həbsxanasının 12-ci korpusunda saxlandığından xəbər tutdum. Çox cəhd göstərdikdən sonra həbsxana işlərinə nəzarət edən hakimlə görüşdüm və Murtaza ilə  görüşmək istədiyimi bildirdim. Bundan sonra hakim həbsxana məsullarına zəng edərək bizim görüşməyimiz haqda göstəriş verdi. Buna baxmayaraq həbsxana məsulları məni qardaşımla görüşməyə buraxmadılar”- deyə Fərdin Muradpur bildirib.

R.Rəzəvi və M.Muradpur hazırda Rəcayişəhr həbsxanasında aclıq aksiyası keçirir.

Bu gün, noyabrın 13-də R.Rəzəvinin aclıq aksiyası 41-ci günə daxil olub. O İnqilab Məhkəməsinin çıxardığı ədalətsiz qərar və təhlükəsizlik qüvvələrinin məhkəmə prosesinə etdiyi müdaxiləyə etiraz olaraq oktyabrın 3-də aclığa başlayıb.

M.Muradpur isə cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib. Onun aclıq aksiyası noyabrın 13-də 19-cu günə daxil olub.