11 ərəb ölkəsinin nümayəndələri noyabrın 14-də BMT Baş Assambleyasının iclasında birgə bəyanat yayaraq İran İslam Respublikasını beynəlxalq terrorizmə dəstək verməkdə və bölgədəki böhran və çaxnaşmanı qızışdırmaqda günahlandırıb.

Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə hazırlanan bəyanatı, Bəhreyn, Misir, İordaniya, Küveyt, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Sudan və Yəmən nümayəndələri imzalayıb.

Bəyanatda bildirilir ki, İran beynəlxalq terrorizmə dəstək verməklə regiondakı ərəb ölkələrinin daxili işlərinə qarışır, Bəhreyndə, İraqda, Səudiyyə Ərəbistanında, Küveytdə və digər ərəb ölkələrindəki terrorçu qruplaşmaları himayə edərək onlara hərtərəfli yardım göstərir.

Vurğulanır ki, İran həm də Yəmənin qanuni hökumətinə qarşı vuruşan yaraqlı “husi” şiələrinə, eləcə də Suriya savaşında Bəşər Əsədə dəstək verən Livan “Hizbullah”ına maddi və hərbi yardımı çatdırır.

Bildirilir ki, İran, xarici siyasətində dəyişiklik edərək öz ərəb qonşularına qarşı düşmənçiliyindən və bölgənin sabitliyini pozmaqdan əl çəkməli, bəzi siyasi və dini şəxsiyyətlərin vasitəsilə islam inqilabının region ölkələrinə ixracını dayandırmalı, qonşuları ilə  konstruktiv münasibətlər qurmağa çalışmalıdır.

11 ərəb ölkəsinin birgə yaydığı bəyanat, İranın BMT-dəki nümayəndəliyinin üzvü Abbas Yəzdaninin sentyabrın 26-da BMT Baş Assambleyasının illik toplantısında yaydığı bəyanatına cavab olaraq hazırlanıb. İranlı diplomatı yaydığı bəyanatında dolayısı ilə Birləşmiş Ərəb Əmirliklərini və Səudiyyə Ərəbistanını Yəmən xalqını bombalamaqda günahlandırmışdı:

“Özlərinin qırıcıları hər gün Yəmənin günahsız mülki əhalisini bombalayan bir ölkənin rəsmisi İranı region ölkələrinin daxili işlərinə qarışmaqda günahlandırır. Bu isə məzhəkəli və riyakarcasına bir iddiadır”./gunaztv/