“Hər il əsasən ipoteka kreditləşməsinə 50 milyon manat nəzərdə tutulur. Gələn il də sosial ipoteka üçün nəzərdə tutulan məbləğ 50 milyon dəyərində müəyyən olunub”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, yaxın günlərdə ipoteka kreditinin verilməsi bərpa olunacaq:

“İpoteka kreditləşməsi hər il dövlət büdcəsində nəzərdə tutulan qaydada aparılır.

Yaxın günlərdə İpoteka Fondu 50 milyon manatı banklar arasında bölüşdürəcək və bununla da gələn il üçün nəzərdə tutulmuş ipoteka kreditləşməsi bərpa olunacaq.

Bu gün ipoteka kreditləşməsinə tələb həddən artıq çoxdur. Əhalinin mənzillə təminatı baxımından 2017-ci ildə də sosial ipoteka kreditləşməsi davam edəcək”.

Vahid Əhmədov bildirib ki, bu il ipoteka kreditləşməsi nəzərdə tutulan məbləğin hamısı deyil, müəyyən hissəsi miqdarında icra olunub:

“Əslində bu il ipoteka kreditinin verilməsində əslində elə də ciddi maneələr yox idi. Məndə olan məlumata görə, bu il demək olar ki, ipoteka kreditləşməsinin nəzərdə tutulan məbləğin yarısı verilib.

Hesab edirəm ki, əgər dövlət büdcəsində belə bir ciddi proqram üçün vəsait nəzərdə tutulursa bunun hamısı ünvanı üzrə əhaliyə kredit formasında verilməli idi.

Ümid edək ki, gələn il dövlət büdcəsində nəzərdə tutulan ipoteka kreditləşməsi maksimum şəkildə tam olaraq həyata keçiriləcək”.