Azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan Məlikan Polis İdarəsinin Təhlükəsizlik Bölümünə çağırılıb.

Çağırış vərəqəsinə əsasən, fəal noyabrın 29-da Polis İdarəsinə müraciət etməlidir.

Məlumata görə, çağırışın səbəbi Məlikan Bələdiyyə başqanının azərbaycanlı fəaldan şikayət etməsidir.

M.Kuxiyan bir müddət öncə “Məlikan xəbər şəhəri” adlı Telegram səhifəsi açıb. O açdığı səhifədə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bələdiyyə başqanının şikayətinin bu məsələ ilə bağlı olduğu bildirilir.

Adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.