Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə türk millətini təhqir edənlərə xəbərdarlıq edib.

“Biz qövmlərin, xüsusi ilə də İranın bütün bölgələrində yaşayan türk qövmünün təhqir olunmasınə dözə bilmərik, türk qövmünü təhqir edənlərin gözünü çıxardarıq”- deyə Nadir Qazipur “Barış News”un müxbirinə bildirib.

Millət vəkili əlavə edib ki, Qərbi Azərbaycan Vilayəti 4 sahədə ölkənin təxminən axırıncı vilayəti sayılır. Biz adam başına düşən gəlir, təhsil, səhiyyə və məşğulluq göstəricilərinə görə ölkə üzrə 29-31-ci yerlərdə qərarlaşırıq.

Nadir Qazipur Azərbaycanın idman komandalarına verdiyi dəstək barədə də danışıb. “Hər halda ölkə idmanı sadəcə “İstiqlal” və “Perspolis” komandalarından ibarət deyil. Təkcə “Traxtur” komandası 100 min tamaşaçını stadionlara çəkə bilir. Futboldan başqa, şərait yaranarsa təkcə Urmiyənin voleybol komandası 50 min tamaşaçını stadiona cəlb etmək gücündədir.

Ama Futbol və Voleybol Federasiyaları “Traxtur” və Urmiyənin “Şəhrdari” komandalarına qarşı haqsızlıq edir. Mən də bu səbəbdən hər iki federasiyaya sərt reaksiya verdim, əgər verməsəydim bu xəyanət olardı. Bir müddət öncə “Traxtur” klubu üçün yardım aldım və kluba təhvil verdim, Bələdiyyə İdarəsinə də işçilərinin maaşlarını ödəməsi üçün 2 dəfə böyük məbləğdə kredik almışam. Mən bunu özümə borc bilirəm”- deyə o vurğulayıb.

Nadir Qazipur sözlərinin sonunda Urmiyə-Marağa  dəmiryolu layihəsində işlərin yekunlaşmamasına sərt etiraz edərək bu vəziyyəti qəbuledilməz adlandırıb.