Şərqi Azərbaycan Polis İdarəsinin İnformasiya Mübadiləsi üzrə rəisi modellik (modeling) fəaliyyəti ilə məşğul olmaqda günahlandırılan 16 nəfərin tutulduğunu bildirib.

Bu barədə polkovnik Möhsün Mahmudi martın 6-da jurnalistlərə məlumat verib.

“Şərqi Azərbaycan Vilayəti internetdə qanun pozuntularına görə ölkə üzrə ilk 5 vilayətdən biridir. Bu sahədə qanun pozuntularının sayı ötən illə müqayisədə 37 faiz artıb”- deyə o bildirib.

170 sosial şəbəkənin fəaliyyət göstərdiyini bildirən polis rəisi ən çox qanun pozuntularına Telegram və İnstagram şəbəkələrində  rast gəlindiyini diqqətə çatdırıb. “İranda ən çox Telegram sosial şəbəkəsindən istifadə olunur, bir çoxları İnsragram və Telegram şəbəkələrindən sui-istifadə edərək qanuna zidd hərəkətlərə yol verir”- deyə o vurğulayıb.

M.Mahmudi son günlərdə Şərqi Azərbaycanda modellik fəaliyyəti ilə məşğul olan 16 nəfərdən ibarət 3 qrupun yaxalandığını da diqqətə çatdırıb. O, tutulanlar barəsində əlavə məlumat verməyib.

Qeyd edək ki, İran rejimi modellik fəaliyyətini qərb mədəniyyəti ilə əlaqələndirir, bu səbəbdən ölkədə bir çox insan həmin ittihamla təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq  məhkəmə qarşısına çıxarılır.