2016-cı ildə Azərbaycanda 41 milyon ton neft çıxarılıb. Bundan 33,5 milyon ton beynəlxalq konsorsiumlar tərəfindən, 7,5 milyon ton isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hasil edilib.

Bu barədə Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatda bildirilib.

Neft hasilatı üzrə nəzərdə tutulmuş ümumi proqnozun 103 faiz yerinə yetirilməsinə baxmayaraq, Dövlət Neft Şirkəti proqnoza nisbətən 178 min ton, əvvəlki illə müqayisədə isə 685,5 min ton az neft hasil edilib.

Hasil edilən neftin 35 milyon tonu dünya bazarlarına ixrac olunub.

Hesabat ilində ölkə üzrə 29,3 milyard kubmetr, o cümlədən beynəlxalq konsorsiumlar tərəfindən 23,1 milyard kubmetr, Dövlət Neft Şirkəti tərəfindən isə 6,2 milyard kubmetr qaz hasil edilib.

Ümumi qaz hasilatı  proqnoza nisbətən 2,1 faiz, əvvəlki illə müqayisədə isə 0,3 faiz çox olmasına baxamayaraq, Dövlət Neft Şirkəti tərəfindən qaz hasilatı proqnozu 2,5 faiz kəsrilə yerinə yetirilib, 2015-ci illə müqayisədə isə 12,7 faiz azalmaya yol verilib.

Hökumətin hesabatına görə, Dövlət Neft Şirkəti üzrə neft-qaz hasilatının azalmasına səbəb olan amillər, o cümlədən baş vermiş texnogen hadisələr hərtərəfli araşdırılaraq, stabil və təhlükəsiz istehsal fəaliyyətinin təminatı üçün əlavə təşkilati-texniki tədbirlər həyata keçirilib.

Yataqların işlənmə layihələrinin optimallaşdırılması və qalıq neft-qaz ehtiyatları baxımından perspektivli sahələrin intensiv işlənməyə cəlb edilməsi məqsədi ilə əlavə tədqiqatlar aparılıb, yəni texnoloji qurğuların layihələndirilməsi və tikintisi hesabına infrastruktur genişləndirilib. 

Bu istiqamətdə işlərin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. 

Ötən il hasil olunan neftin 35 milyon tonu, təbii qazın isə 8 milyard kubmetri ixrac olunub./modern/