Azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə Əhərin İnqilab Məhkəməsinə çağırılıb.

Göndərilən çağırış vərəqəsinə əsasən fəal ona qarşı irəli sürülən ittihamlardan özünü müdafiə etmək üçün aprelin 12-də Əhərin İnqilab Məhkəməsinə müraciət etməlidir.

O “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə müxalif qruplar yaratmaqda”da günahlandırılır. İttihamın 2014-cü il fevralın 20-də Əhərdə keçirilən Beynəlxalq Ana Dili Günü mərasimi ilə bağlı olduğu deyilir.

Təhlükəsizlik qüvvələri Ə.Əkbərzadənin də qatıldığı mərasimə gözyaşardıcı qaz və silahla hücum edib 80 fəalı yaxalamışdır. Onların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə müvəqqəti azadlığa  buraxılmışdır.

Qeyd edək ki, son vaxtlar İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqləri artıb.

Ötən Beynəlxalq Ana Dili Günü ərəfəsində Tehranda 4 azərbaycanlı fəalın 45 il həbs və 8 il sürgün edilməsi  cəzasına məhkum edilməsi və ötən günlərdə çox sayda fəalın Əhərin İnqilab Məhkəməsinə çağırılması azərbaycanlı fəallara qarşı edilən təzyiqin tərkib hissəsidir.