Azərbaycanlı milli-mədəni fəal, tanınmış din xadimi Əbduləziz Əzimi Qədimin tutulmasından 3 aydan çox vaxt keçməsinə baxmayaraq, o hələ də Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 “Aqillik, təhlil və əməl” Telegram kanalının müdiri Əbduləziz Əzimi Qədim 2017-ci il yanvarın 7-də digər azərbaycanlı fəal Əli Baqiri ilə birlikdə, Ə.Baqirinin Tehrandakı evində mülki geyimli məmurlar tərəfindən yaxalanaraq Evin zindanına aparılıb.

Artıq fəalın tutulmasından 3 aydan çox keçir, lakin onun hansı vəziyyətdə saxlanıldığı bəlli deyil.

Əbdüləziz Əzimi Qədimın həyat yoldaşı və qızı 61 gün saxlandıqdan sonra onunla martın 9-da həbsxanada görüşüblər. O tarixdən bu günə qədər fəalla bağlı heç bir məlumat yayılmayıb.

Din xadimi ilə birlikdə yaxalanan Ə.Baqiri isə martın 12-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.