“Əbdül Hüseynov Moskvada dəfn olunacaq. Çünki Azərbaycanda heç kimi yoxdur. Bir oğlu Kanadada yaşayır. Qızı və həyat yoldaşı isə Moskvada yaşayır. Onlar atalarının başqa yerdə dəfn olunmasına razı olmazlar. Çalışacağıq ki, dinimizə uyğun şəkildə dəfn edək”. 

Bunu Modern.az-a açıqlamasında Moskvada yaşayan şair Nəsib Nəbioğlu məşhur yazıçı Əbdül Hüseynovun ölümündən danışarkən deyib. 

O, bildirib ki, azərbaycanlı yazıçının dəfninə Azərbaycandan kimsə qatılmayacaq.

“Əbdül Hüseynovu Azərbaycanda yaxşı tanımadılar. Çünki o, rusdilli olduğundan rus dilində yazırdı. Bir neçə dəfə onun barəsində Yazıçılar Birliyinin katibi Anara, xalq yazıçısı Çingiz Abdullayevə məlumat vermişdim. Hətta, onun haqqında “Ədəbiyyat” və  “525-ci qəzet”də yaxşı yazılar dərc edib, tanınmasına az da olsa nail olduq. 

Təəssüf ki, onun bir əsərini belə, Azərbaycanda çap edə bilmədik. Əbdül Hüseynov məhsuldar adam idi. Qəribə taleyi olub. Bakının Əmircan qəsəbəsində doğulub. Atası və qardaşları vaxtsız ölüb. Anası da sinəsinin üstündə Əbdülün şəklini qoyub canını tapşırıb. Əbdül də o vaxtdan Azərbaycanı tərk edib. Yalnız 2002-ci ildə onu Azərbaycana gətirmişik. 

Azərbaycandan kiminsə onun dəfn mərasimində iştirak etmək üçün Moskvaya gələcəyinə inanmıram. Düzdür, Türkan Şorayla (məşhur türk aktrisası), Eldar Quliyevlə (kinorejissor) yaxın dost olublar. Amma onların da dəfnə qatılacağı gözlənilmir. Sadəcə olaraq, başsağlığı məktubu göndərə bilərlər”.

Qeyd edək ki, mayın 14-də Moskvada yaşayan azərbaycanlı yazıçı, şərqşünas alim, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əbdül Hüseynov 92 yaşında vəfat edib.