İranın keçmiş  prezidenti Məhəmməd Xatəmi mayın 14-də “Teleqram” sosial şəbəkəsində yaydığı bir video-çarxda ölkə vətəndalarına müraciət edərək, onları qarşıdan gələn prezident seçkilərində Həsən Ruhaniyə səs verməyə çağırıb.

Həsən Ruhani hökumətinin bir sıra sahələrdə yürütdüyü “uğurlu” siyasətinə toxunan Xatəmi bildirib ki,  Ruhani seçkilərdə qalib gələcəyi təqdirdə, o onun yeni komandasının millətin istək və tələblərinə uyğun təşkil ediləcəyinə, xalqa verilən vədlərin yerinə yetiriləcəyinə əmindir:

“Dörd il əvvəl Ruhaniyə verdiyiniz səsi bir daha təkrarlayın. Ruhaniyə səsin təkrar verilməsi, ümidin və daha yaxşı bir gələcəyin gücləndirilməsi deməkdir.

Biz, Ruhani ilə bu yolu birgə başladıq və hazırda yolun yarısına gəlib çatmışıq. Ruhaniyə səs vermək, milli iqtidarın gücləndirilməsinə, fitnə və intriqaların, eləcə də ölkənin mövcud çətinliklərinin və iqtisadi durğunluğunun aradan qaldırılmasına gətirib çıxaracaq. Bir daha qeyd edirəm, əziz Ruhaniyə verdiyiniz səsi bir daha təkrarlayın”.

Bildirilir ki, video-çarxın yayılmasından sonra 12 saat ərzində 2 milyondan çox insan ona baxıb. Yayılan məlumatlara əsasən, keçmiş prezidentin video-çarxı, yayılandan bir neçə saat sonra, İran Məhkəmə Sistemi rəsmilərinin əmri “Teleqram” şəbəkəsindən silinib.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

Seçkilərdə 6 namizəd, Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparacaq./gunaz.tv/