May ayında keçirilən prezident seçkilərində ikinci dəfə qalib olan Həsən Ruhani avqustun 8-də bir məktubla yeni Nazirlər Kabinetinə namizədlərin siyahısını parlamentə təqdim edib.

Siyahıda nazir postlarına 17 namizədin adı yer alıb. Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə namizədin adı isə daha sonra açıqlanacaq.

Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir.

Sözdə gender bərabərliyi və qadınların ictimai sahədə fəal iştirakını müdafiə edən Ruhaninin namizədləri siyahısında heç bir qadın yoxdur.

Siyahıya birinci etiraz edən Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin İran parlmanetindəki millət vəkili Məhəmməd Həsənnəjad olub.

Millət vəkili parlamentdəki çıxışında yeni kabinetdə heç bir türkün yer almamasını kəskin şəkildə tənqid edib.

“Prezident yeni kabinet üçün namizədlərin siyahısını parlamentə təqdim etdi. Təəssüflər olsun ki, bu siyahıda türk qövmündən olan heç bir namizəd gözə dəymir. Bu məsələ sual yaradır”- deyə o bildirib.

Təqdim olunan siyahının qəbuledilməz olduğunu deyən M.Həsənnəjad sözlərinin davamında deyib: “Prezidentdən çox gileyliyik. Bu qövmdən bir nəfər belə Nazirlər Kabinetinə layiq yox idi?! Vəziyyət belədirsə, ən azı hərhansı bir təşkilatda bir rəis vəya müavin elə yetişdirilsin ki, gələcəkdə bir neçə türk nazir kabinetdə yer alsın.”

Həsən Ruhaninin qadınları idarəetmədə görmək istəməməsi, kabinetin bütün üzvlərinin kişilərdən ibarət olması bir çoxları, xüsusi ilə də islahatçılar arasında narazılığa səbəb olub.

Həsən Ruhaninin qadın məsələləri üzrə müavini Şəhindoxt Mollavərdi yeni kabinetdə qadınların yer almamasına etiraz edib. Əslən Azərbaycan türkü olan xanım Mollavərdi bildirib ki, “12-ci hökumətin Nazirlər Kabinetində qadınların yer almaması onu göstərir ki, biz heç bir inkişafa nail olmamışıq.”

Bundan öncə Urmiyənin millət vəkilləri Nadir Qazipur və Ruhulla Həzrətpur yeni Nazirlər Kabinetində daha çox türk nazirlərin yer almasını tələb etmişdilər.

“Cənab prezident, nazirlərin siyahısında, türklərin sayı artırılsın. Əgər bacarıqlı, mütəxxəssis və məsuliyyətli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Fraksiyaya üzv olan 110 türk millət vəkilindən yeni nazirlər kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri, bacı və qardaşlarımızdan nazirlər kabinetində istifadə olunmalıdır”- deyə N.Qazipur vurğulamışdır.

Türklərin nazirlər kabinetində yer alması məsələsi ilk dəfədir ki, azərbaycanlı vəzifəli şəxslər tərəfindən rəsmi şəkildə tələb olunur. Şübhəsiz ki, bu Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər və sosial tələbatla bağlıdır./gunaz.tv/