Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda İrana səfər edəcək.

İran mətbuatının məlumatına əsasən, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin Asiya və Okeanya ölkələri üzrə idarəsinin rəisi İbrahim Rəhimpur bildirib.

Hələlik Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərlə bağlı heç bir açıqlama verməyib.

Tehranda Türkiyə Xarici İşlər Nazirliyinin başçısının müavini Ümit Yalçınla görüşdə İranlı diplomat deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırmaq üçün siyasi, ticarət və iqtisadi sahələrdə bütün məsul şəxslərin əməkdaşlıq etməsi vacibdir.

Ümit Yalçın isə vurğulayıb ki, İran və Türkiyə arasındakı əlaqələrin yaxşı istiqamətdə irəliləməsi üçün qarşılıqlı görüşlərin artırılması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.

Türkiyənin İrandakı səfisi Hakan Təkin də iyunun 24-də ölkəsinin prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın aylarda Tehrana səfər edəcəyini açıqlamışdır.