İran Təhsil Nazirliyinin yeni nizamlamasına əsasən, farscada qəliz ləhcəsi olan şəxslər ibtidai məktəblərində müəllim kimi işləyə bilməyəcək.

Nazirlik ötən günlərdə bununla bağlı açıqlama yaydıqdan sonra Güney Azərbaycanda əhalinin müxtəlif təbəqələri, hətta bəzi yerli məsullar qərarı irqçilik adlandıraraq ona etiraz edib, qanuna düzəliş edilməsini tələb ediblər.

Bu dəfə bir Teleqram kanalı İranda irqçilik və ayrı-seçkilik siyasətinə qarşı kampaniyaya başlayıb. “Mənim ləhcəm var, demək ki, mən varam” kapmaniyası türklərlə yanaşı fars dilində ləhcələri olan ərəb, lor və s. kimi millətlərə mənsub insanlara da aiddir.

“Qrup, Təhsil Nazirliyinin ləhcəsi olanların müəllim ola bilməyəcəyi ilə bağlı qanununa qarşı yaradılıb. Lütfən aşağıdakı Link-ə daxil olaraq ad və soyadınızı yazın və bu şəkildə kampaniyaya qoşularaq bizə yardım edin”- deyə Teleqram qrupunun müdiri açıqlayıb.

Bundan öncə Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkilləri  Ruhulla Həzrətpur və Nadir Qazipur, həmçinin Meşginşəhr Azad Universitetinin keçmiş rəisi doktor Bəhram Abbaszadə Təhsil Nazirliyinin müəllimlik peşəsinə qəbul olmaq üçün irəli sürdüyü irqçi şərtlərə etiraz ediblər.

Xatırladaq ki, avqustun 23-də İranın Təhsil Nazirliyi müəyyən xəstəliklər və farscada qəliz ləhcələri olanları ibtidai məktəb müəllimi peşəsi üçün müraciətinin rədd ediləcəyini açıqlayıb./gunaz.tv/