Təbrizin Ayna qrupunun türk dilində hazırladığı “Səttarxan” ya “Atabəy Parkının Faciəsi” adlı tamaşa Türkiyənin Trabzon elində keçiriləcək Beynəlxalq Sənət Günləri Festivalında səhnəyə çıxacaq.

İranın Mehr agentliyi və Türkiyənin Qara Dəniz bölgəsində yayımlanan qəzetlər bu haqda məlumat yayıblar.

Trabzon Sənət Evinin təşkil etdiyi festival oktyabrın 19-da fəaliyyətə başlayıb oktyabrın 22-ə qədər davam edəcək.

Müəllifi Murtaza Haşimpur və rejissoru Sirus Mustafa olan “Atabəy Parkının Faciəsi” tamaşası Məşrutə Hərəkatının məşhur qəhrəmanı Səttarxanın Tehranın Atabay Bağında vurulması hekayəsini incələyir.

Mehr agentliyinin verdiyi məlumata görə, Səttarxan tamaşası Ayna qrupunun 5 illik çalışmasının nəticəsidir. "Bu faciənin mətni iki ilik araşdırmadan sonra və 9 dəfə yenidən yazılaraq türk dilində hazırlanıb," məlumatda deyilir.