Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgədə sabitləşdirici rol oynayır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Təbii ki, bugünkü toplantıda ənənəvi olaraq enerji, nəqliyyat məsələləri müzakirə edildi. Burada da bütün qarşıya qoyduğumuz məsələlər öz həllini tapdı. Biz qoyduğumuz hədəflərə doğru inamla irəliləyirik".

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, TANAP layihəsi yaxın zamanlarda başa çatacaq. Bunun icrası ilə bağlı heç bir problem yoxdur:

"Bakı-Tbiliis-Qars dəmiryolu layihəsi isə dünən artıq istismara verildi. Bu tarixi günü biz birlikdə qardaşımla, Türkiyədən gəlmiş qardaş-bacılarımızla birlikdə qeyd etdik Bu, bizim böyük uğurumuzdur, böyük qələbəmizdir. Bu bir daha göstərir ki, Türkiyə və Azərbaycanın iştirak etdiyi və təşəbbüskarları olduğu bütün layihələr icra edilir.

Necə ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan, ondan sonra Bakı-Tbilisi-Ərzurum, TANAP layihəsi və Baki-Tbilisi-Qars layihəsi də bu sıradan olan böyük transmilli, qitə miqyaslı bir layihədir. Bizim birliyimiz, dostluğumuz bütün bunları mümkün edib".

İlham Əliyev bildirib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli faktordur, bölgədə sabitləşdirici rol oynayır: "Güclənən Türkiyə bizim gücümüzi artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə bu gün dünya miqyasında böyük gücə çevrilib, düşmənlər isə məyus olur. Qoy, həmişə dostlarımız sevinsin. Əminəm ki, bundan sonra da ancaq inkişaf, tərəqqi və qələbə yolu ilə gedəcəyik. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi olacaq".