Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında keçirilən futbol yarışı yekunlaşıb. 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyun deputatların 3-2 hesablı qələbəsi ilə başa çatıb. Milli Məclisin komandasından iki dəfə millət vəkili Fuad Muradov, bir dəfə isə Parlamentin sektor müdiri Adil Vəliyev fərqlənib.

Jurnalistlər arasında isə iki dəfə ATV-nin əməkdaşı Nurani İsgəndərov rəqib qapısına yol tapıb.

Prezident İlham Əliyevin ad günü ərəfəsində  deputatlar və jurnalistlər arasında keçirilən futbol yarışı ictimaiyyət arasında da maraqla qarşılanıb. Yarışı canlı olaraq millət vəkilləri, jurnalistlər, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyib.

AFFA-nın baş katibi Elxan Məmmədov, futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Teokvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, həmçinin veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov da oyunu izləyənlər arasında idi. Oyunu izləyənlər arasında tanınmış aktyorlar Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Məmmədov da olub.

Yarışdan öncə Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu oyun ölkə başçısının ad günü ərəfəsində  keçirilir:

“Cənab Prezident bu günə kimi bütün ad günlərini cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Biz də belə bir futbol oyunu ilə Prezidentimizin ad gününü təbrik etmək istəyirik”.

Oyunla bağlı Modern.az-a danışan Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı isə bildirib ki,  AFFA-nın hakiminin idarə etdiyi oyun yüksək səviyyədə keçib:

“Olduqca gərgin mübarizə şəraitində keçən maraqlı bir idman yarışı izlədik. Jurnalistlər meydana qələbə əzmində çıxsa da, sonda rəqib komanda daha üstün oldu. Amma əsas belə bir oyunun təşkili idi. Düşünürəm ki, hər iki komanda izləyənlər üçün maraqlı oyun sərgiləyə bildi”.