Martın 12-də  Təbrizdə Azərbaycan aşıqlarının 23-cü toplantısı keçiriləcək.

Bildirilir ki, aşıq sənəti, şeiri, ədəbiyyatı və musiqisinin araşdırılmasına həsr olunan toplantı, axşam saat 19-da Təbrizin “Qüds” mədəniyyət mərkəzində keçiriləcək.

Toplantıya, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin incəsənət qurumlarına aid musiqi qrupları qatılaraq çıxış edəcəklər. Yayılan məlumata əsasən, toplantıya giriş azaddır. Mərasimdə, aşıq sənətini sevənlərdən başqa, Azərbaycan türklərinin yaşadığı digər əyalət və bölgələrdən qonaqların da iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, aşıq ənənəsi və sənətinin kökü, qədim türklərin “Şamanizm” inancına gedib çıxır. Aşıqlar, dünya türklərinin ortaq simvollarından biri kimi sayılır. Neçə min il əvvəldən başlayaraq fəaliyyət göstərən aşıqlar, dünyada türk xalqları arasında cürbəcür adlarla, o cümlədən də aşıq, ozan, bamsı və baxşı adları ilə tanınaraq, türklərin dili, mədəniyyəti, incəsənəti, adət-ənənəsi və milli varlığının qorunub saxlanılmasında mühüm rol oynayıblar.