Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin ən böyük universitetlərindən biri olan Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalım Mutanovla görüşüb.

Görüşdə ortaq təlim proqramlarının təşkili, kadrların peşəkarlığının artırılması, o cümlədən professor-müəllim heyətinin mübadilə şəklində tədris prosesinə cəlb edilməsi məsələləri müzakirə edilib.

Qalım Mutanov ortaq türk köklərinə malik iki qardaş xalq arasında mədəni-tarixi əlaqələrdən danışıb. O, “Xeyirxah cəmiyyət vətəndaşlarının formalaşması” layihəsi barədə danışaraq deyib ki, məqsəd gənc nəslə müsbət təsir edəcək ideologiyanın düzgün şəkildə həyata keçirilməsidir.

1934-cü ildə təsis edilən universitet artıq Orta Asiyada ən böyük təhsil ocaqlarından sayılır. Burada 20 mindən çox tələbə, 4000 nəfər aspirant təhsilini davam etdirir. Universitetin 15-dən çox fakültəsi, böyük elmi laboratoriyaları var. Artıq universitetdə hər il siyasi, sosial və aktual elmi problemlərin müzakirə edilməsi üçün ənənəvi illik beynəlxalq Fərabi konfransı keçirilir.

Səfir Rəşad Məmmədov Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini deyib. O, iki ölkə arasında elm və təhsil sahələrində əməkdaşlığın daha da dərinləşməsinin vacibliyini vurğulayıb. Diplomat bu nüfuzlu ali təhsil ocağında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konfransın keçirilməsini də təklif edib. Bununla bağlı razılıq əldə olunub.

Görüşdə, həmçinin Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin bazasında Azərbaycanla bağlı elmi-təhsil mərkəzinin yaradılmasına dair qərar qəbul edilib.