Güney Azərbaycanın Təbriz və Urmiyə şəhərlərində turizm sahəsində yenilik sayılan tədbirlərə başlanılıb.

Məlumata görə, Təbrizdə ingilis dili bilən taksi sürücüləri şəhərə gələn xarici turistlərə xidmət göstərəcək.

Bu barədə Təbriz Bələdiyyəsinin Turizm İnkişafı Təşkilatının icraçı direktoru Rza Xəlili məlumat verib.

““Təbriz 2018” layihəsinin başlanması və Novruz bayramı münasibəti ilə ötən illərdə olduğu kimi, “Məndən soruş” taksiləri fəaliyyətə başlayır. Lakin ötən illərdən fərqli olaraq bu il sözügedən taksilərin sürücüləri ingilis dili bilərlərdən seçilib. Onlar şəhərin giriş xiyabanları və əsas yerlərində dayanaraq turistlərə lazımi xidməti göstərəcəklər”- deyə o bildirib.

R.Xəlili əlavə edib ki, “Məndən soruş” taksilərinin özəlliyi sürücülərinin şəhəri yaxşı tanıması və əhalinin onlara etibar etməsidir.

Urmiyə Bələdiyyəsi də turizm sahəsində oxşar yeniliyə imza atıb. Məlumata görə, Şərqi Azərbaycan Əyalətinin birinci turist avtobusu Novruz bayramı günündən fəaliyyətə başlayıb.

“Avtobuslar şəhərin muzey və tarixi məkanlarına yaxın yerlərdə dayanır və onlara yaxınlaşan turistləri şəhərdə gəzdirir. Avtobuslarda əyalətin mərkəzini yaxşı tanıyan bir şəxs, turist rəhbəri kimi fəaliyyət göstərir”- deyə İran mətbuatında yazılıb.

Qeyd edək ki, Güney Azərbaycan əyalətləri füsunkar təbiəti və tarixi məkanlarına görə turistlər üçün ən cazibəli bölgə ola bilər. Lakin digər sahələrdə olduğu kimi, bölgənin turizm sahəsinə də heç bir sərmayə yatırılmayıb, ona görə də bu sahədə hərhansı inkişaf yoxdur. Bu o halda baş verir ki, Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində işsizlik səviyyəsi günü-gündən artır, hətta əhali yoxsulluqdan bölgəni tərk edərək İranın mərkəzi şəhərlərinə köçür. Bu sahədə Təbriz və Urmiyə şəhərlərində bəzi yerli orqanların cəhdlərinin necə davam edəcəyini isə zaman göstərəcək./gunaz.t/