Alpinizm (dağçılıq) üzrə güney azərbaycanlı dünya çempionu Hüseyn Müqəddəm bu il (hicri-şəmsi təqvimi ilə 1397-ci il) dünyanın hündür zirvələrini fəth etməyi planlaşdırmır.

Bu barədə Fars xəbər agentliyinə danışan məşhur idmançı bunu sponsor dəstəyinin olmaması ilə izah edib.

“Alpinizm ilə peşəkar səviyyədə məşğul olmaq ciddi maliyyə vəsaiti tələb edir. Mən ötən il öz şəxsi vəsaitim hesabına Nipaldakı 8 min metrlik Lhotse zirvəsinə qalxdım. Bu mənim üçün 52 milyon tümənə başa gəldi”- deyə o bildirib.

Sponsor dəstəyinin olmamasından gileylənən zəncanlı alpinit əlavə edib ki, 8 min metrlik Lhotse zirvəsini uğurla fəth etmək alpinizm üzrə qızıl medal və dünya çempionu hesab olunur.

İranda azərbaycanlı idmançılara qarşı laqeyd münasibəti hər zaman müşahidə olunub. Ötən il dünyanın 8 min metrdən yüksək olan 14 zirvəsini fəth edən güney azərbaycanlı dağçı Əzim Qeyçisaz İrana dönərkən rejimin soyuq münasibəti ilə qarşılaşmışdır.

İdmançı 2017-ci il mayın 29-da Tehranın Xomeyni hava limanına endiyi zaman heç bir rəsmi şəxs, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən qarşılanmayıb, onun üçün rəsmi qarşılama mərasimi də təşkil olunmamışdır. Lakin o doğma şəhəri Təbrizə gələrkən şəhər əhalisi və bəzi yerli məsullar tərəfindən təntənə ilə qarşılandı.

Xatırladaq ki, Ə.Qeyçisaz 2017-ci il mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya dağçılıq səkkiz minliklər klubuna qoşulmağı bacarıb. O məşhur Lhotse zirvəsini fəth etmək üçün 40 gün ardıcıl çalışıb, dağçı bunun üçün 9 il hazırlaşıb.