Güney Azərbaycanın Təbriz şəhərində bir qrup mütaliəsevər soydaşımız təqdirəlayiq hərəkətləri ilə diqqət mərkəzinə düşüb.

Məlumata görə, Təbrizdə mütaliə etməyi sevən bir qrup şəxs “kitab mübadiləsi” qrupu yaradaraq öz aralarında kitab paylaşmağa qərar veriblər. Onlar Təbriz parklarının birində bir araya gələrək bir-birlərinə kitab təqdim edəcəklər.

Qrup Təbrizdə kitab oxuma mədəniyyətini daha çox yaymaq məqsədi ilə təşkil olunub.

Məlumata görə, qrup üzvləri kitablarının görüntüsünü digər üzvlərə göstərəcək, maraqlananlar həmin kitabı əmanət kimi sifariş verəcəklər.

Onlar iki həftədən bir öncədən təyin olunmuş məkanda görüşəcəklər.

Qrup üzvləri təhvil aldıqları kitabı oxuduqdan sonra sahibinə geri qaytaracaq, bu, etimad əsasında baş verəcək.

Qrupun məqsədi kitab oxumağı təbliğ etməkdən ibarət olduyğu üçün kitablar PDF formatında göndərilməyəcək.

Sözügedən qrup üzvlərinin növbəti görüşü aprelin 27-də Təbrizin Xaqani parkında baş tutacaq.