ABŞ Maliyyə Nazirliyi, beynəlxalq terrorizmə verdiyi dəstəyə görə, İranın Mərkəzi Bankının rəisi Vəliyulla Seyfə və onun beynəlxalq məsələlər üzrə müavini Əli Tərzəliyə qarşı sanksiya qoyub.

ABŞ Maliyyə Nazirliyinin İranın Mərkəzi Bankının rəisinə qarşı sanksiya qoyması, Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən bir həftə sonraya təsadüf edib.

Amerikanın maliyyə naziri Stiven Mnuçinin mayın 15-də yaydığı bəyanatda bildirilir ki, İran Mərkəzi Bankının rəisi Vəliyulla Seyf, “Sepah”ın “Qüds” qanadı ilə əməkdaşlıq edərək onun maddi ehtiyaclarını təmin etmiş, onun vasitəsilə terrorçu qruplaşmalar siyahısına salınan Livan “Hizbullah”ına milyonlarla dollar maddi yardım göstərib:

“Vəliyulla Seyfin rəhbərlik etdiyi İranın Mərkəzi Bankı, Livan “Hizbullah”ının nümayəndəsi olan Məhəmməd Cəfər Qəsir adlı bir şəxsin vasitəsilə, bu terrorçu qruplaşmaya gizli pul çatdırılması işini yerinə yetirib. Bu işdə, həm də İraqda fəaliyyət göstərən  “Əl-Bilad-i İslami” bankının rəisi, barəsində sanksiya qoyulmuş Ərəs Həbib də İran Mərkəzi Bankı ilə əməkdaşlıq edib.

İran Mərkəzi Bankının həmçinin “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadına müxtəlif yollarla milyonlarla dollar çatdırılmasında, bölgədə zorakılığa və radikalizmə rəvac verilməsində bir başa rolu olub”.

                                    Amerikanın Maliyyə Nazirliyi

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 Bu saziş, İranın ambisiyalarının, nüvə başlığı daşımağa qadir ballistik raketlərinin istehsalının qarşısını ala bilməyib. Sazişdə ciddi nöqsanlar var və mən dəfələrlə ona düzəlişlər edilməsini tələb etmişdim. Demişdim ki, razılaşmaya düzəlişlər edilməsə, Amerika sazişdən çıxacaq. Bu nöqsanlı bir sazişdir. Əgər bu gün bir iş görməsək, dünyada terrorizmin ən böyük himayədarı olan İran İslam Respublikası, qısa bir zamanda ən təhlükəli silahlara yiyələnə biləcək. Məhz bunları nəzərə alaraq, bu gün mən, Amerikanın İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edirəm”.

Tramp, çıxışını başa çatdırdıqdan sonra İrana qarşı tətbiq edilmiş və nüvə sazişi imzalanmasından sonra dondurulmuş əvvəlki sanksiyaların yenidən bərpa olunmasına göstəriş verib./gunaz.tv/