Bildiyiniz kimi, “Traxtur”un keçmiş baş məşqçisi Ərtoğrul Sağlam qısa müddət çalışdırdığı komanda və Güney Azərbaycan haqda xoş təəssüratını dəfərlərcə Türkiyə mətbuatına bildirib.

O bu dəfə çərşənbə günü, mayın 16-da Türkiyənin “bein sports” telekanalında “Traxtur” komandasında fəaliyyəti və Təbrizdəki müşahidələrindən danışıb.

““Traxtur” super liqa oyunlarında böhran içində idi. Klub rəhbərliyi mənə müraciət etdi və məndən komandaya baş məşqçi olmağımı istədilər. Onlar bildirdi ki, azərbaycanlılar məni “Traxtur”da görmək istəyir. Mən də türk kimliyinə olan hörmətim və milli hisslərimə görə bu təkliflə razılaşdım və son yarım mövsümdə “Traxtur”a baş məşqçilik etdim”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

Ə.Sağlam Güney Azərbaycan və İran coğrafiyasında yaşayan digər türk tayfaları ilə bağlı da danışıb.

“Təbriz gözəl bir şəhərdir, onun 2.5 milyon nəfər əhalisi var. Bu əhalinin 99 faizi Azərbaycan türkləridir. Onlar hamısı türkcə danışır və Türkiyəyə xüsusi məhəbbət və hörmət bəsləyirlər. İranda ümumiyyətlə azərbaycanlılar və digər türk tayfalarından ibarət 30 milyon türk yaşayır. Mən bu məsələni Təbrizə gedəndən sonra bildim. Və özümdən utandım ki, mən nə üçün bu məsələni bu günə qədər bilmirdim!”- deyə baş məşqçi əlavə edib.

Aşağıdakı videoda Ərtoğrul Sağlamın televiziya verilişindəki çıxışını olduğu kimi izləyə bilərsiniz.

Ə.Sağlam ötən super liqa yarışlarının son 10 görüşündə “Traxtur”a baş məşqçilik edib. Klub bir çox problemdən dolayı böhran içində olduğu üçün onun dövründə də ciddi nəticə əldə edilməyib.

Buna baxmayaraq “Traxtur” tərəfdarları Ə.Sağlamın komandada qalmasını istəyirdilər.

Ə.Sağlam ötən günlərdə “Kayserispor” klubu ilə 3 illik müqavilə bağlayaraq bu klubda rəsmən fəaliyyətə başlayıb./gunaz.tv/

https://www.youtube.com/watch?v=X2O42gZcJuY