Ertuğrul Sağlamın ayrılmasından sonra həftələrdir yeni baş məşqçisini axtaran Traktorsazi klubu Real Madrid, Beşiktaş və Xəzər Lənkəran futbol komandalarının sabiq baş məşqçisi Uelsli Con Toşak ilə 3 illik müqavilə imzalayıb.

İran agentliklərinin xəbərinə görə, 69 yaşlı baş məşqçinin “Traxtor”-a qatılması üçün müzakirələri klubun yeni sahibi Təbrizli iş adamı Məhəmməd Rza Zunuzi aparıb.

Media Wales şirkətinin veb səhifəsində yazılanlara görə, Con Toşak son vaxtlar İran pro-liqasındakı uğursuzluqlarına son vermək məqsədilə Traktorsazi komandasına rəhbərlik edəcək.

Veb səhifəsində Traktorsazi komandasının “Qırmızı Qurdlar” ləqəbi ilə tanındığına işarə olunub.

Keçən mövsüm Traktorsazinin baş məşçisi Ertuğrul Sağlam Beşiktaş komandasının oyunçusu olduğu dönəmlərdə Con Toşakın şagirdi olub. O, sosial media hesablarında sabiq ustadı və komandaya müvəffəqiyyət arzulayıb.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktorsazi klubu ölkədə türk kimliyinin bir simvolu kimi dəyərləndirilir. Komanda Türkiyə mediasında “dünyanın ən çox türk azarkeşi olan komandası” kimi təqdim edilir.