Təbrizin bələdiyyə başqanı İrəc Şəhin Baher antitürk mövqeyi ilə seçilən paniranist İsfəndiyar Qarabağini özünə müşavir təyin etdiyi üçün azərbaycanlıların sərt etirazı ilə üzləşib. O etirazçılara cavab olaraq İnstaqram səhifəsində etiraz komentlərinin dərc olununmasına qadağa qoyub.

Məlumata görə, iyunun 18-dən bələdiyyə başqanının İnstaqram səhifəsində yorum yazmaq mümkün deyil.

İ.Şəhin Baher səhifəsini o halda əhalinin üzünə bağlayıb ki, o həmin insanlara xidmət etmək üçün təyin olunub və hər kəsin fikirini eşitməlidir.

Soydaşlarımız düşünür ki, “Azərbaycanda yüzlərlə milli kimliyinə bağlı mütəxəssis olduğu halda, nə üçün İ.Qarabaği kimi antitürk bir şəxs Təbriz bələdiyyə başqanının mədəniyyət və incəsənət işləri üzrə müşaviri olmalıdır?! Bu, Azərbaycan və onun milli kimliyinə qarşı açıq-aşkar düşmənçilikdir.”

İ.Qarabaği uzun illər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. 2014-cu ildə Salmas şəhərinin bələdiyyə başqanı türk kimliyini müdafiə etmək məqsədi ilə bu şəhərin meydanlarından birində ucaldılan Firdovsinin heykəlini meydandan götürmüşdür. Həmin hadisəyə görə, paniranist qüvvələr İran prezidentinə xitabən bəyanat yaydılar, İ.Qarabaği sözügedən bəyanatı imzalayan şəxslərdən biri olub.

Bəyanatı imzalayanlar ölkənin mədəni birliyinin təhlükəyə düşdüyündən nigaran olduqlarını diqqətə çatdıraraq Qərbi Azərbaycan və Salmasın kimliyinin türklərin xeyirinə olaraq dəyişdirildiyini iddia edib, bu hərəkəri sərt şəkildə qınamışdılar.
 
İ.Qarabaği təbrizlidir, o uzun illər müğənni və musiqiçi kimi fəaliyyət göstərib. Onun İran İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən verilmiş klassik avaz üzrə doktorluq dərəcəsinə bərabər diplomu var. İncəsənət xadimi bir çox rəsmi orqanda mədəniyyət sahəsində fəaliyyət göstərib, o hər zaman İslam Cümhuriyyətinin ideologiyasını dəstəkləyib.

Bəstəkarlıq sahəsində də fəaliyyət göstərən İ.Qarabaği son illərdə fars şovinizminin mənafeyi uğrunda çoxlu işlər görüb, bu istiqamətdə bir çox mahnı bəstələyib.
 
Təbrizin bələdiyyə başqanının belə bir şəxsi özünə müşavir təyin etməsi çox diqqətçəkicidir, yerli əhali bu təyinata kəskin etiraz edir./gunaz.tv/