Ərdəbilli milli-mədəni fəallardan 5-nin məhkəmə iclası keçirilib, fəallar hakimin qanunsuz qərarı ilə həbsxanaya göndərilib.

Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Səid Sadiqifər və Mehdi Huşməndin məhkəmə iclası iyunun 3-də Ərdəbil Məhkəməsinin 12-ci Şöbəsində keçirilib.

Hakim Seyfi, milli təhlükəsizlik və sistemə qarşı qrup yaratmaqda günahlandırdığı fəalların ittihamı sübuta yetirilmədən onları həbs etdirib. Məlumata görə, məhkəmə azərbaycanlı fəalların qrup yaratmaq və ya hər hansı qrupa üzv olması bağlı heç bir qaneedici dəlil və sənəd göstərə bilməyib.

Ərdəbil zindanına aparılan fəalların fərqli bölümlərdə saxlanıldığı bildirilir.

Hələlik iyulun 2-də tutulan Abbas Lisani və digər fəalların harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

İranın təhlükəsizlik qüvvələri ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlardan ən azı 14-nü saxlayıb.

Fəallardan bəziləri ev və ya iş yerlərində olmadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur.

Tutuqlamalar iyulun 5-i və 6-da ənənəvi Babək qalası yürüşü ilə bağlı Güney Azərbaycan şəhərlərində bildiriş vərəqələri və posterlər yayıldıqdan sonra baş verib. Rejim ötən illərdə də Babək qalası yürüşü ərəfəsində oxşar önləyici tədbirlər həyata keçirmişdir./gunaz.tv/