Ermənistanın ikinci prezidenti Robert Köçəryan azadlığa buraxılıb. Erməni mediasının verdiyi məlumata görə, bununla bağlı Apelyasiya Məhkəməsi qərar verib. Aleksandr Azaryanın hakimliyi ilə keçirilən məhkəmə prosesinin üçüncü günündə məhkəmə şikayəti təmin edib.

Ermənistanın Xüsusi İstintaq Xidməti Apelyasiya Məhkəməsinin eks-prezident Robert Köçəryan barədə avqustun 13-də çıxardığı qərarı qanunsuz sayıb. Məlumata görə, 28 iyulda həbs edilmiş keçmiş prezidentin azadlığa buraxılması ilə bağlı qərara etiraz edən İstintaq Xidməti bununla Apelyasiya Məhkəməsinin öz səlahiyyətlərini aşdığını vurğulayıb. “İnanırıq ki, Baş Prokurorluq kassasiya şikayəti verəcək”- açıqlamada deyilir.

Qeyd edək ki, R.Köçəryan 1 mart 2008-ci il hadisələrinə görə həbs edilsə də, heç bir ciddi dəlillər gətirilmədən azadlığa buraxılıb. Köçəryanın azadlığa buraxılması hansı amillərlə bağlı ola bilər?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, cari ilin aprel ayında Ermənistanın ictimai-siyasi həyatında yaşanan hadisələrin nəticələri hələ də davam edir: 

“Nikol Paşinyanın liderliyi ilə etiraz hərəkatının qarşısını almaqda yetərsiz qalan Serj Sarkisyanın baş nazir postundan istefa etməsindən sonra Paşinyan bu posta sahib oldu. Paşinyan iqtidarı keçmiş məmur və oliqarxlara qarşı ciddi mübarizəyə başladı. Siyasət aləmindən və ordudan bir neçə yüksək rütbəli adam həbs edildi. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbs edilməsi isə hadisələrin pik nöqtəsi oldu.

Köçəryan 2008-ci ildə Serj Sarkisyanın prezident seçilməsindən sonra etiraz mitinqinə qarşı polis və ordu gücündən istifadə etmiş, rəsmi mənbələrə görə, 10, qeyri-rəsmi mənbələrə görə isə 25 adam öldürülmüşdü. Sarkisyanın 10 illik hakimiyyəti zamanı bu məsələ ilə bağlı istintaq aparılmamış, heç kim həbs edilməmişdi”.

Müsahibimizin sözlərinə görə, 13 avqustda Ermənistan Apelyasiya Məhkəməsinin Köçəryanı sərbəst buraxmasını siyasi olaraq dəyərləndirmək mümkündür: “Köçəryanın vəkili Apelyasiya Məhkəməsinin bu qərarını Köçəryanın prezident olduğu müddətdə verdiyi qərarların Konstitusiya və qanunlara zidd olmaması və toxunulmazlığının olması ilə izah etdi. Yəni qanunlarin aliliyi məsələsini ön plana çıxardı və mövcud hakimiyyət barədə fikir bildirmədi.

Qeyd edim ki, Köçəryan həbs edildikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov məsələyə münasibət bildirərək indiki hakimiyyətin siyasi rəqiblərini təqib etməyəcəkləri barədə söz verdiyini xatırladaraq, cərəyan edən hadisələrdən narahat olduğunu bildirmişdi. Bu bəyanatda Lavrov Köçəryanın adını çəkməsə də, məsələnin məğzinin nə olduğu bəlli idi.

Bəli, Rusiya Ermənistanda cərəyan edən hadisələrdən narahatdır, bu ölkə üzərində nəzarətini itirmək istəmir və burada baş verənləri diqqətlə izləyir. Maraqlıdır ki, Ermənistan Xüsusi Təhqiqat Xidməti Köçəryanın sərbəst buraxılmasının qanunazidd olduğu haqqında bəyanat verib.

Köçəryanın sərbəst buraxılmasını hüquqi deyil, siyasi olaraq dəyərləndirmək mümkündür. Paşinyan Köçəryanı həbs etməklə xalqın ondan gözlədiyini yerinə yetirdiyini, Rusiyaya rəğmən, müstəqil siyasət həyata keçirə biləcəyini göstərib və mövqeyini gücləndirib. Eyni zamanda, Köçəryanın sərbəst buraxılması ilə məsələni daha da ciddiləşdirmək istəməyib.

Köçəryan bundan sonra da siyasi bəyanatlar verərsə, Xüsusi Təhqiqat Xidmətinin tələbi ilə yenidən həbs edilə bilər, bu istisna deyil. Ermənistanın daxili ictimai-siyasi həyatında hələ ki, “daşlar yerinə oturmayıb”, istənilən an qırılma yaşana bilər”./azinforum.az/