Bayıl ərazisindəki tədqiqatların bir hissəsi yekunlaşıb.

Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru  Qurban Yetirmişli Modern.azsaytına məlumat verib. O bildirib ki, ərazidə  hələki  sakitlikdir:

“Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə  sonrakı tədqiqatların aparılıb-aparılmayacağını konkretləşdirməliyik.  Çünki  Nazirlər Kabineti sifarişçi  kimi onlara tapşırmışdı.  Fövqəladə Hallar Nazirliyi isə təklifləri gözləyir. Biz öz işimizi müəyyən lokal sahədə yekunlaşdırıb  hesabat vermişik. Lakin fikrimcə, tək Bayıl ərazisini deyil, böyük  bir sahənin hamısını – dənizə ,  Teleqüllənin arxa tərəfinə, Şəhidlər Xiyabanına, Nərimanov heykəlinə qədər  bu tədqiqatlar getməlidir”.

Baş direktor  deyib ki, qeyd edilən ərazilərin problemləri müəyyənləşməlidir:

“Sürüşmə hansı səbəblərdən törənir, hansı dərinliklərdə sürüşmə müstəvisi var və.s  aşkarlanmalıdır. Tədqiqatlar bu cür davam etməlidir.

Yoxsa bu gün  filan yer sürüşdü, onu tədqiq et, sabah başqa yer. Hesab edirəm ki, bu heç də düzgün məsələ deyil. Dediyim kimi Bayıl ərazisi ilə bağlı nəticəni çıxarmışıq. Yəni hansı dərinlikdə, neçə min kub metr sürüşmədir, əlavə  sürüşməyə meylli ərazilər hansılardır – bunları müəyyən etmişik”.

Xatırladaq ki, bir neçə ay bundan öncə "Televiziya" qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunub və sakinlərin həmin ərazilərdən köçürülməsinə  başlanılıb.