Son illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, işğalçı Ermənistanla informasiya savaşında üstünlüyün əldə edilməsi istiqamətində mühüm addımlar atılır.

Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq toplantılarda Ermənistanın işğalçı siyasətini dünyaya bəyan edir, Heydər Əliyev Fondu isə ölkəmizə qarşı həyata keçirilən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gerçəklikləri bu gün dünyada yayımlanır, ölkəmizin ictimai, siyasi, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ olunur.

Dövlət başçısı "ən yaxşı müdafiə hücumdur” taktikasını irəli sürəndən sonra müasir texnologiyaların imkanlarından yararlanan yeni nəslin nümayəndələri Azərbaycan reallığını dünyaya yaymağa başladılar. Dağlıq Qarabağın hələ də işğal altında saxlanıldığını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrimizə vurduğu ziyanlar, bir milyondan çox soydaşımızın düşdüyü acınacaqlı durumu, bir sözlə, dünyaya əsl həqiqətlərimizin çatdırılması işində "Qarabağ TV”nin də xidmətləri var.

İnternet televiziyasının təsisçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sözlərinə görə, kanal fəaliyyətə başladığı gündən əsas hədəfi dünya mediasına Azərbaycan həqiqətlərini və Qarabağın erməni işğalında olması faktını göstərmək, virtual dünyada erməni informasiya müharibəsini neytrallaşdırmaq və daha çox xarici jurnalistlərin TV-nin nümayəndəsi olmasına zəmin yaratmaq idi.

Hazırda Cənubi Amerikada aktiv iş qurduqlarını söyləyən Z.Əliyev deyir ki, Ekvadorda politoloq Vladimir Perez, Venesuela Bolivar Respublikasında Guillermo Miguelena və Kolumbiya Respublikasında jurnaist və iş adamı Omar Salcedo rəsmən "Qarabağ TV”nin nümayəndəsi olaraq fəaliyyətə başlayıblar.

Z.Əliyev bildirdi ki, Avropa və ABŞ-da, Türkiyə, İran və Yaxın Şərq ölkələrində də nümayəndəlik açmaq barədə danışıqlar aparılır: "Qısa müddət ərzində ABŞ-ın, Avropanın, Rusiyanın və Ukraynanın xəbər saytlarında Qarabağ həqiqətləri, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, BMT-nin Ermənistan tərəfdən icra olunmayan qətnamələri və digər mövzulara dair məqalələrimiz dərc edilib. 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox soydaşımızın səsini, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün "Qarabağ TV” verilişlər və araşdırma yazıları http://www.karabakh-tv.org/ saytı vasitəsilə 13 dildə dünyaya yayılmaqda davam edir”.

Onun sözlərinə görə, Azərbaycan diasporunun da "Qarabağ TV”yə böyük mənəvi dəstəyi var. Almaniya, Amerika, İsveç, Danimarka, Rusiya, Türkiyə, İsrail, Fransa və digər ölkələrdə yaşayan azərbaycanlılar "Qarabağ TV”nin könüllülləri olaraq fəal işləyirlər: "Biz "Qarabağ TV” olaraq informasiya lobbisi sistemini qurmuşuq və yaxın gələcəkdə artıq dünyanın əksər ölkələrində xarici jurnalistlərdən ibarət lobbimiz yaranacaq.

Bu gün google və digər axtarış sistemlərində, "facebook”, "twitter” və digər şəbəkələrdə "Qarabağ TV”nin məlumatları, paylaşımları əl çatan səviyyədədir. "KarabakhTV” haştağı ilə daha çox insanın Qarabağ barədə məlumat əldə etməsinə nail olmaqdayıq. Bizim düşmənimizin özünü güclü sayması zamanı sona çatıb. Hazırda "Qarabağ TV” və komandası, ətrafında olan dostları və diasporumuz vasitəsilə onların informasiya müharibəsi neytrallaşır. Biz dayanmaq niyyətində deyilik və hədəfimiz Şuşadan canlı yayım etmək və qələbə xəbərini dünyaya yaymaqdır” - deyə təsisçi vurğulayıb./azerbaijan-news.az/