Azərbaycan və Türkiyənin elmi müəssisələri birlikdə sənayenin müxtəlif sahələrində tətbiq edilə bilən qeydedicilər hazırlayacaqlar.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə verilən məlumata görə, bu barədə razılıq AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi, Radiasiya Problemləri İnstitutu və Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi arasında əldə edilib.

Tərəflər arasında keçirilən görüşdə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov və Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzinin direktoru professor Ercan Yılmaz iştirak edib.

Görüşdə Strateji Elmi Tədqiqatlar Mərkəzinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi ilə birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının hazırlanmasına dair razılıq əldə olunub.

Bildirilib ki, bu tip qeydedicilər dozimetrlərdə, spektroskopiyada, aşağı və yüksək enerjilər fizikasında, təhlükəsizlik və sənayenin müxtəlif sahələrində tətbiq ediləcək.