Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoya həyəcansız baxmaq olmur. Xocalıda insanlığa qarşı törədilmiş dəhşətli qətliamdan bir epizod... Nə yazıq ki, 27-ci ildönümünü yaşadığımız  soyqırımına hələ ki dünyanın gözü kor, qulağı kardır. 
Azərbaycan xalqının başına açılan bu bu dəhşətli cinayətin epizodlarını əks etdirən yüzlərlə belə fotoşəkil və videolenti dünya dövlətləri hələ ki görməzdən gəlirlər... Bu səbəbdən də Xocalı soyqırımının günahkarları - başda Serj Sarkisyan, Seyran Ohanyan, Robert Koçaryan və digərləri olmaqla - beynəlxalq məhkəmə qarşısına çıxarılmayıb.

Bu şəkli rusiyalı xanım jurnalist Viktoriya İvleva Xocalının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra şəhərə daxil olarkən çəkib. 
Viktoriya İvlevanın sözlərinə görə, erməni qatillərinin Xocalıda törətdiyi qanlı qırğından iki-üç  gün sonra şəhərdə gördüyü mənzərədən şoka düşübmüş...

Zaman 1992-ci il fevralın son günü... Məkan Azərbaycanın Xocalı şəhəri... 

Vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetiriliblər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalıblar. İnsanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib.

Jurnalistin çəkdiyi fotoşəkildə güllələnmiş qadınlar və uşaqlar görünür. Diqqətlə baxın, yol kənarında meyiti sərilmiş – qaçarkən ayağından güllələnmiş, sonra qətlə yetirilmiş - qız uşağının sağ qolunu da kəsiblər. Ya baltalayıb, ya da mişarlayıblar...  

Bir qədər solda qadınlar,qızlar, körpə uşağın meyiti sərilib..

Erməni qarətçilər isə talançılıq edir, xocalılıların qoyub getdiyi əmlakı “Jiquli” avtomobilində daşıyırlar. 


Xocalıya səfərindən sonra jurnalist Viktoriya İvleva 1992-ci ilin martında Azərbaycanın Moskvadakı səfirliyində keçirilən mətbuat konfransına qatılaraq, bu dəhşətli kadrları nümayiş etdirmişdi. 

Və həmin fotoşəkillər mediada yayımlanandan sonra kadrdakı meyitlərin qohumları onları tanımışdılar.

Meyitlərin qohumlarından biri Zaur Ələkbərov:

“Biz elə bilirdik ki, onlar girov götürülüblər. Solda meyitləri görünən bibim Məhbubə və oğlu Çingizdir (Şəklin böyüdülmüş alşağıdakı variantında qadın və uşağı aydın görünür-red.).
Rusiyalı jurnalistin çəkdiyi şəkil Azərbaycana gətiriləndən sonra qohumları onlara baxmağa çağırmışdılar, biz bibimgili onda tanıdıq”.

Viktoriya İvleva həmin səfərdən sonra mətbuatda dərc olunmuş məqaləsində Xocalıda girov götürülmüş bir qadına kömək etdiyi zaman erməni əsgəri tərəfindən necə döyüldüyünü də təsvir etmişdi. O həmin mənzərəni belə xatırlayırdı:

“Girovlar sırasında üç uşaqlı bir qadın hərəkət edirdi. O, qarda ayaqyalın addımlayırdı. Çətinliklə hərəkət edir və tez-tez yıxılaraq düşürdü. Sonra məlum oldu ki, onun ən kiçik uşağı yalnız iki gündür ki, doğulub. İki gün! Mən uşağı əllərimə götürdüm və qadınla yanaşı addımlamağa başladım. Biz hər ikimiz – mən və o qadın ağlayırdıq… Geyimim məni girovlardan ayırsa da, bir neçə dəfə daha tez yerimək üçün kötək zərbəsi və söyüşə məruz qaldım. Təhlükədə olmadığımı bilsəm də, bir anlıq həmin vaxt mən özümü girov kimi hiss etdim. Heç kəsə bu cür vəziyyətə düşməyi arzulamazdım”.

Həmin hadisədən düz 19 il sonra - 2011-ci ildə jurnalist Viktoriya İvleva həmin qadını Azərbaycanda tapır. Onun kiçik uşağı - Günay böyümüşdü, lakin uşaqlıqda aldığı sarsıntıdan danışa bilmirdi. Günayın sağ qalmaq üçün çox mübarizə aparmasına baxmayaraq, aldığı həmin güclü zərbə və sarsıntı V.İvlevanın Azərbaycana səfərindən qısa müddət sonra onun həyatına son qoydu...