Rusiya və Türkiyə liderlərinin ikitərəfli münasibətlərlə bağlı verdikləri müsbət bəyanatlar əhəmiyyətlidir. Baxmayaraq ki, münasibətlərin ümumi səviyyəsi onların bəyanatlarının ümumi ruhuna tam uyğun deyil. Amma bütövlükdə – son bir neçə əsrlik müddəti götürəndə bu münasibətlərlə bağlı bəlkə də Türkiyə Cümhuriyyətinin qurulmasından qısa müddət sonrakı münasibətlərlə paralellik apara bilərik.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.

O qeyd edib ki, hazırda Türkiyə Cümhuriyyətinin qurulmasından qısa müddət sonra olan münasibətlərdən də uğurlu ikitərəfli münasibətlər dövrüdür. Bununla belə, müsahibimiz qeyd edib ki, münasibətlərin tam arzulanan səviyyəyə çatmamasının bir sıra ciddi səbəbləri var:

“Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsində balans Rusiyanın xeyrinədir. Türkiyə Rusiyadan aldığı qazın qiymətinin aşağı salınmasına nail ola bilmədi. Suriyada da münasibətlər tam arzulanan səviyyədə deyil. Hətta kürd məsələsində də problemlər qalmaqdadır. Bunların əsas səbəblərindən biri odur ki, hələ də Türkiyə-Rusiya münasibətlərinin əsas hərəkətverici qüvvəsi Qərb qarşıdurmasıdır. Yəni, ikisinin də Qərblə münasibətlərdə ciddi problem yaşamasıdır. Onlar əmin deyillər ki, Qərblə münasibətlərdə yaşanan bu gərginlik nə qədər çəkəcək?

Məsələn, Rusiyanın Qərblə yaşadığı gərginlik nə qədər sürəcək və Moskva nə vaxt Türkiyə ilə strateji əməkdaşlıqdan vaz keçəcək...

Eyni zamanda Rusiya da əmin deyil ki, Türkiyənin Qərblə münasibətlərində problem nə qədər davam edəcək və Moskva ilə münasibətləri nə vaxtadək dərinləşdirməyə çalışacaq... Düzdür, nüvə enerjisi məsələsində, S-400-lər, hərbi sahədəki əməkdaşlıq əvvəlki illərdən fərqli olaraq münasibətləri bir qədər dərinləşdirib. Əvvəlki illərdə Qərblə münasibətlərdə xırda gərginlik yaşayırdılar və qısamüddətli yaxınlaşırdılar. Bu dəfə həmin yaxınlaşmanın müddəti bir qədər uzun olub. Amma hələ də tərəflər bir-birini tam strateji müttəfiq kimi görmür”.

A.Aslanlı bildirib ki, Rusiya üçün ən vacib məsələlərdən olan Krım probleminə baxışda fərqlilik var:

“Həmin məsələyə görə Rusiyanın bütövlükdə Qərblə münasibətləri pisləşib. Yalnız bu məsələyə görə yox, həm də bu məsələyə görə...

Yaxud Suriya məsələsi Türkiyə üçün həyati dərəcədə vacibdir. Bu məsələdə iki ölkənin mövqeyi Ankaranın arzuladığı səviyyədə deyil. Bu cür məsələlər var. Qarabağ məsələsini də qeyd edə bilərik.

Türkiyə arzulayır ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun şəkildə həll olsun və bu prosesdə hərəkətverici qüvvələrdən biri Rusiya ola bilər. Amma Rusiya üstünə düşən rolu yerinə yetirmir.

Türkiyə prezidenti ümumi şəkildə ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edəndə əslində dolayısıyla Rusiyanın da bu məsələdəki yanaşmasını tənqid etmiş olur. Yəni bir neçə belə strateji əhəmiyyətli məsələ var ki, Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları davam edir”.

Siyasi şərhçi bildirib ki, Putin və Ərdoğanın münasibətlərinin ən səmimi olduğu dövrdə də Rusiya Türkiyənin kənd təsərrüfatı məhsulları ilə bağlı fərqli addımlar atırdı: “Halbuki Qərblə münasibətləri gərgin olduğu halda Qərbin, konkret olaraq Avropanın bir sıra dövlətlərinə daha loyal davranırdı.

Yəni, liderlərin şəxsi münasibətləri Rusiya-Türkiyə münasibətləri baxımından müsbətdir, bu tendensiya davam edərsə münasibətlər daha da dərinləşə bilər. Bəlkə nə vaxtsa strateji xarakter də daşıya bilər. Amma bu gün hələ o nöqtədə deyil. Odur ki, anlaşmazlıqların ortaya çıxması, böyüməsi, iki tərəfin bir-birindən şübhələnməsi, narahat olması təbiidir”.