Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdən əvvəl Türkiyənin nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini də ziyarət ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev görüşün keçirilməsində əsas məqsədin qardaş ölkə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə Ankara, İstanbul və İzmir şəhərlərinin ümumtəhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdən ibarət olduğunu bildirib. İdarə müdiri beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin təşkilinin əhəmiyyətindən bəhs edib. R.Tağıyev təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən qonaqlar təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında əhəmiyyət daşıdığını qeyd ediblər.

Görüş zamanı iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr, ümumi təhsil sahəsindəki perspektivlər barədə səmərəli fikir mübadiləsi aparılıb. Habelə BŞTİ-nin və İstanbul Milli Təhsil İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində BŞTİ ilə İstanbul, Ankara və İzmir Milli Təhsil idarələri arasında niyyət protokolu imzalanıb.

Sonra Türkiyə nümayəndə heyəti 189-190 nömrəli tam orta məktəbdə olub. Qonaqlara məktəbin fəaliyyəti və uğurları haqqında məlumat verilib. Sonda şagirdlərin iştirakı ilə “Azərbaycan-Türkiyə” adlı musiqili proqram təşkil olunub.

Görüşdə Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova və BŞTİ-nin struktur bölmə rəhbərləri iştirak ediblər./azertag/